isaznow.com
Az Iw En Ru

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi
şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi,
dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Müstəqilliyin ilk
illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə
görürdü. Bununla əlaqədar 30 il əvvəl 1993-cü il 3 oktyabr tarixində keçirilən seçkilərdə ümummilli
lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyəti, heç şübhəsiz, dövlət
müstəqilliyinin bərpası və müasir Azərbaycan dövlətinin yaradılmasıdır. Heydər Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Qısa vaxt
ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış yolları tapıldı. 1993-cü ildən başlayaraq
Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi möhkəm təməllər üzərində
inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin
islahatların həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan
Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin
illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə
də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.
Ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun ictimai,
siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini qeyd edən millət vəkili bildirdi ki, ölkəmizdə
dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz
Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan dövlətinin qadın siyasəti yeni mərhələyə
qədəm qoydu. Heydər Əliyev Azərbaycan qadınlarının inkişafına, hüquqlarının qorunmasına və
onların dövlət vəzifələrinə irəli çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının
mərdliyini, fədakarlığını, sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə
sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə olan və qlobal
miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil dövlət təsisatlarının
qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və
əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da
zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin
formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz
Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir;
Qərbə inteqrasiya yolunu tutan Ulu ÖndərHeydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi
iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz
bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi oldu. Sonradan Heydər
Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi
sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin
müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol
açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa
neft kəməri ilə dünya bazarına çıxarılmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət hər zaman diqqət
çəkmişdir. Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli
çəkilməsini vacib bilmişdir və Onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman
və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi
addımlar olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti
yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə
Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır
və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə
Azərbaycanda yeni siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider
dövlətinə çevrilmişdir. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə
imza atmışdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının
nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın

simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi,
humanist Azərbaycan qadını obrazı təqdim olunur.
Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Vüsal Əsgərov,
Sabirabad Gənclərin İnkişafı və Kariyera Mərkəzinin könüllüsü


17:09 03.10.2023