

3 oktyabr 1993-cü il təqvimi müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi, yeni mərhələnin
başlanğıcı oldu. Bunu davamlı sabitliyin, əmin-amanlığın, inkişaf edən dövlətin qurulması mərhələsi
adlandıra bilərik. Xalq öz xilaskarını 3 oktyabr 1993-cü il tarixində yekdilliklə ölkə Prezidenti seçdi.
Məhz bu gündən etibarən qüdrətli Azərbaycanın təməli qoyulmuş oldu.
Ölkəmiz müstəqilliyinin ilk illərində səriştəsiz və naşı rəhbərlər üzündən çox böyük problemlərlə
qarşılaşmalı oldu. Əgər həmin dövrlərdə ölkəyə məhz Ulu Öndər Heydər Əliyev rəhbərlik etmiş olsaydı
xalqımız qan-qada, müharibə, ağır problemlər yaşamazdı. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə
Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev
yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni
uçuruma apardılar. Həmin adamlar Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar. Xalqın və
ölkənin nicatı isə Ulu Öndər Heydər Əliyev oldu. Prezident seçildikdən sonra Ulu Öndər ilk növbədə
ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Dövlət çevrilişlərinin qarşısı alınaraq ölkə vətəndaş müharibəsi
təhlükəsindən xilas edildi. Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin
müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata
keçirilməyə başlanıldı.
1991-93-cü illər müstəqil Azərbaycanın tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə dövrü
kimi xatırlanır. Ölkəni idarəolunmaz və acınacaqlı bir duruma gətirib çıxarmış AXC-Müsavat
hakimiyyətinin nümayəndələri belə özlərinin xilası üçün sonda Heydər Əliyevdən imdad dilədilər. Ulu
Öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və xalqın yaşamaq ümidini özünə
qaytardı. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir
insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün
uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş
fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq
məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Müasir Azərbaycan dövlətinin adı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə bir sahə
yoxdur ki, o sahədə dahi şəxsiyyətin xidmətləri olmasın. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və
xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və
dönməz etmişdir. Ulu Öndər Azərbaycanın qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüsləri ilə milli
dövlətçilik və xalqımızın milli mənafeyini təmin etmək istiqamətində yorulmadan çalışırdı. “Əsrin
müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük
insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. 20 sentyabr
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin neft strategiyasının təcəssümü olaraq
Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.
Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində
saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Məhz Ulu Öndərin
gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına
qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar
təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin
real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.
Ulu Öndərin rəhbərliyi ilə işlənib hazırlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi
yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət
bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və
azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi,
dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün
gələcək inkişaf yolu kimi seçmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri
də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm
təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji
fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin
güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici
siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin
əsas dayaqlarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət
kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq
normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz
Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə
yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya
ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu
mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və
bəyanatların qəbul olunmasına nail olmuşdur.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən
Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərkən andiçmə mərasimindəki
nitqində söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram.” Ulu Öndər öz əməli
fəaliyyəti, misilsiz xidmətləri ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübut etdi.
Memarı və xilaskarı olduğu müstəqil Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş güclü
dövlətdir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin əsas amalı işğalda olan
torpaqlarımızın azad edilməsi idi. Xalqımız və dövlətçiliyimiz naminə misilsiz xidmətləri olan
Ümummilli Lider Heydər Əliyev millətin məhəbbətini qazanaraq Azərbaycan xalqının yaddaşında
qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək
ordenli