

Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü, imzalanan
sənədlər, mətbuata birgə bəyanatları münasibətlərimizdə yeni səhifə kimi dəyərləndirilir. Zəngin
tarixə malik, biri-biri ilə qırılmaz tellərlə bağlı olan iki dost ölkənin yüksələn xətlə inkişaf edən
əlaqələrini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə xarakterizə etdi: “Prezident seçkilərindən
sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə
sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq
duyuram…Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir
millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək
üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi
müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir.”
Dünya daim bu birliyin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Tarixi Zəfərimiz
əlaqələrimizin daha da möhkəmlənməsində stimulverici amil oldu. Dövlət başçısı İlham Əliyevin elə
bir çıxışı, müsahibəsi yoxdur ki, qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində
Azərbaycana dəstəyindən bəhs etməsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək
deyil” mesajı qardaşlığımızın dünyaya nümayişi oldu. Qardaş ölkə sonadək ölkəmizə mənəvi və
siyasi dəstəyini göstərdi, eyni zamanda, tarixi Zəfərimizdən sonra sahibinə qovuşmuş torpaqlarımızda
atılan hər bir addımda Azərbaycanın yanındadır.
Seyidgülü Əmirova,
Sabirabad rayonunun fəal gənci