

Sentyabrın 25-də Naxçıvan şəhərində iki dost, qardaş və müttəfiq ölkə olan Azərbaycan və Türkiyə
respublikaları arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə səbəb olacaq Azərbaycan və
Türkiyə prezidentlərinin növbəti görüşü keçirilib. Bu səfər Azərbaycan və Türkiyənin sarsılmaz birliyi,
həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri zamanı Azərbaycan və Türkiyə
prezidentlərinin təkbətək görüşü keçirilib, sonra hər iki dövlət başçısı Naxçıvan Bərpa-istehsalat hərbi
kompleksinin açılışında və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında
möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayan Azərbaycan-Türkiyə sənədləri imzalanıb.
Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla
çıxış ediblər. Dövlətimizin başçısı öz çıxışında qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi iki qardaş
ölkə arasında münasibətlərin tarixində önəmli hadisədir və gələcək əlaqələrə yeni təkan verəcəkdir. Bu həm də
Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcəkdir.
Prezident İlham Əliyev vaxtı ilə TANAP layihəsinin təməlinin də birgə qoyulduğunu qeyd edərək
Naxçıvana qaz kəmərinin çəkilməsi, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun
imzalanmasını da tarixi hadisə kimi qiymətləndirmişdir. Bu layihələrin həyata keçirilməsi gələcəkdə Orta
Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir. Keçən il
Azərbaycan və Türkiyə arasında 6 milyard dollardan çox olub. Bu ilin yeddi ayı ərzində isə dövriyyə daha 40
faiz artıb və artmaqda davam edir.
Qeyd edilməlidir ki, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik
stansiyalarının inşası ilə bağlı böyük planlar vardır. bu planların həyata keçirilməsindən sonra Naxçıvan yaşıl
enerji zonasına çevriləcəkdir. Eyni zamanda Naxçıvanda həm günəş, həm külək, eyni zamanda, su elektrik
stansiyalarının inşası üçün böyük potensial vardır və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat
həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.
Prezidentlərin görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb, bildirilib ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər
artırılacaqdır. Bu gün Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası uğurla davam edir
və Azərbaycan ərazisində işlər gələn ilin sonunda başa çatdırılacaqdır.
Görüşdə həm də sentyabrın 19-da Qarabağ bölgəsində həyata keçirilən Lokal antiterror tədbirlərindən
də danışılıb. 23 saat ərzində keçirilən bu tədbirlər nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış
Ermənistan ordusu təslim oldu, ölkəmizin şərtlərini qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini
tam təmin edildi. Bu hadisədən çox az vaxt keşməsinə baxmayaraq artıq Azərbaycandan onun Qarabağ
bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar – yanacaq – neft, dizel, benzin, ərzaq
məhsulları, dərman preparatları və digər humanitar yardımlar göndərilməsinə başlanılıb və bu, bir daha onu
göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan
vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.
Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin
dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Belə ki, Prezident İlham Əliyev mətbuata bəyanatında
diqqəti bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə
yönəldərək bildirdi ki, “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş
Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən
Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz,
tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm
həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən
növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda
idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir
çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və
unutmayacaq”.
Qardaş ölkənin Prezidentinin paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrinə də səfər etməsi, bu
məkanlarda qarşılanmaqdan qürur hissi keçirməsi münasibətlərimizin möhkəm təməl üzərində uğurlu
inkişafından xəbər verir. Rəcəb Tayyib Ərdoğan bu qardaşlığı “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-
bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və
əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk” fikirləri ilə ifadə edib.
Səbinə İsmayılova,
Sabirabad rayonu, Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri