isaznow.com
Az Iw En Ru

Regionda sülh və təhlükəsizliyə təminat verən Azərbaycan-Türkiyə münasibətləri

Strateji tərəfdaşlıq, qardaşlıq münasibətlərini yüksələn xətlə inkişaf etdirən Azərbaycan və
Türkiyə dövlətlərinin əlaqələri son illərdə müstəsna səviyyəyə yüksəlib. İki dövlətin unikal və
təkrarolunmaz münasibətlərində diqqətçəkən məqam odur ki, Türkiyənin taleyində həlledici dövrlərdə
Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqının qardaş ölkənin yanında olduğu
kimi, Azərbaycan üçün də tarixi məqamlarda Prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə xalqı
bizimlə olub.
İki qardaş ölkə arasında olan münasibətlər regionun siyasətini müəyyən edən, regionda sülhə
və təhlükəsizliyə təminat verən güc mərkəzinə çevrilib. Son illər Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşləri, bu görüşlərdə səslənən bəyanatlar və
imzalanan sənədlər sanki təkcə bu iki qardaş ölkənin deyil bütöv regionun gələcəyinə, onun
inkişafına, perspektivinə hesablanmış layihə və proqramlardır.
Hər dəfə bu görüşlərin keçirildiyi şəhərlərdən (Şuşa, Naxçıvan və s.) tutmuş, imzalanan
sənədlərin adına, mahiyyətinə, məqsədlərinə və sair kimi bütün amillərlə dünyaya bir pozitiv mesaj
göndərilir. Bu görüşlər, hər dəfə həm bu ölkələrin taleyində, həm də regionun geosiyasi durumunda
ciddi müsbət dəyişikliklərin, əhəmiyyətli hadisələrin baş verməsinə zəmin yaradır.
Hər zaman olduğu kimi, Türkiyə və Azərbaycanın prezidentlərinin bu dəfəki görüşü həm
dövlətlərin, həm regionun, həm də ümumilikdə dünya siyasətinə yeni perspektivlər, yeni yanaşmalar
vəd edir. Eyni zamanda, bu, ölkələrimiz arasında nəqliyyat, logistika və enerji sahələrindəki
əlaqələrimizi inkişaf etdirməklə yanaşı, regionun iqtisadi, o cümlədən ticari inkişafına, yeni müstəviyə
keçməsinə təkan verəcəyinə inam yaradır. İmzalanan sənədlər keçirilən tədbirlər bu iki qardaş ölkə
arasında münasibətlərin səmimi və dərin olmasını bir daha nümayiş etdirməklə yanaşı, gələcəkdə
regionda sülhün və təhlükəsizliyin bərqərar olması, o cümlədən enerji təhlükəsizliyi baxımından
əhəmiyyətlidir.
Belə ki, təməlqoyma mərasimi keçirilmiş İğdır-Naxçıvan qaz kəməri bu gün Naxçıvanın qazla
təchizatında ciddi rol oynayacaqsa, gələcəkdə Zəngəzur dəhlizi açıldıqdan sonra yeni boru kəmərləri
ilə Azərbaycandan Türkiyəyə birbaşa qaz ötürülməsi üçün imkanlar yaradacaq və nəhayətdə
Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Prezidentlərin açılışında iştirak etdikləri Naxçıvan
Bərpa-istehsalat hərbi kompleksi isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qüdrətinin daha
artmasına, hərbi silah və sursatların təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, Türkiyə-Azərbaycan
tandeminin hərbi potensialının və regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi nüfuzunun
artmasına zəmin yaradacaqdır.
Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında imzalanmış Niyyət Protokolu deməyə əsas verir ki, ən yaxın zamanlarda Zəngəzur dəhlizi
açılacaq, bu dəhliz vasitəsilə Azərbaycanla Türkiyə arasında logistik imkanlar genişlənəcək və
yükdaşıma həcminin daha da artacağına şərait yaranacaq.
Azərbaycan Respublikası 30 ildən artıq dövr ərzində təzyiqlərə, məhrumiyyətlərə məruz
qalmasına səbəb olan problemini – Qarabağ problemini birdəfəlik həll etdikdən, bütün ərazisində
suverenliyini tam təmin etdikdən 5 gün sonra, sentyabrın 25-də müttəfiqi Türkiyə ilə həm bu iki
dövlət, həm region, həm də bütövlükdə Avrasiya məkanı üçün vacib və əhəmiyyətli olan bir layihənin
– Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəaliyyətə başladı fikrini söyləmək olar. Qeyd etmək
lazımdır ki, Zəngəzur dəhlizi regionda sülhün və təhlükəsizliyin bərqərar olması, Cənubi Qafqaz
ölkələrinin – Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi və sosial inkişafı baxımından mühüm
rol oynacaq, “Qafqaz evi” ideyasının təşəkkül tapmasına zəmin yaradacaq.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi


04:27 28.09.2023