

Xalqımız Vətən uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini dərin
ehtiramla anır
Azərbaycanın Vətən müharibəsinin başlamasından 3 il ötür. 2020-ci il sentyabrın 27-də sübh tezdən
işğalçı Ermənistanın Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, xalqımız işğal altındakı
torpaqların azad edilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsinə başladı. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Vətən müharibəsinin davam etdiyi qırx dörd gündə mənfur düşməni diz çökdürdü, tarixi Zəfər qazanaraq
respublikamızın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü,
müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin tarixi Qələbəsini təmin edən mühüm amillər oldu. Ulu
əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq
salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.
Hər il 27 tarixi ölkəmizdə sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan
Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş
əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım
Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş
etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Sentyabrın 27-də səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən
azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman
şəhidlərimizin xatirəsini qürurla yad edir. Bu gün respublikamızın hər yerində abidələr, xatirə kompleksləri,
bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları salınır. Hər il saat 12:00-da
ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
Dövlətimizin başçısının Anım Günü ilə bağlı Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz
mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır,
xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad
edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və
zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin
xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində
saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib:
“Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün
şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah
bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də
əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir,
əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, şəhid
ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə
hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi
naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin
qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın
tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz
Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.
Qələbənin əldə olunmasında Sabirabad rayon gənclərinin də xidmətləri böyük olmuşdur. Sabirabad rayonu
üzrə 1600 yaxın nəfər gənc Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 47 nəfəri torpaqlarımızın ərazi
bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. 185 nəfər döyüşçü sağlamlığını itirmiş, 57 nəfər döyüşçü isə
əlillik statusu almışdır.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qaziləri ölkəmizin hər yerndə olduğu kimi Sabirabadda da
daima diqqət mərkəzində saxlanılır, onları narahat edən problemlərin həlli ilə bağlı dərhal bütün zəruri tədbirlər
görülür. Həmçinin bu təbəqədən olan vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi istiqamətində də lazımi
işlər görülür və bu artıq davamlı xarakter almışdır.
Tarixi Qələbə ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım
Gününün təsis edilməsi haqqında ölkə başçısının Sərəncamını xalqımız şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın
bariz nümunəsi kimi minnətdarlıqla qarşılanır. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o
möhtəşəm Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizin ruhuna, qazilərimizə, bütün əsgər və
zabitlərimizə minnətdarıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Vüsal Hüseynov,
Sabirabad Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsinin rəisi