

200 ildən çox bir müddətdir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı düşmənçilik və etnik
dözümsüzlük siyasəti həyata keçirilib. Çar Rusiyası tərəfindən imperiyanın cənub sərhədlərinin
möhkəmləndirilməsi məqsədi ilə ermənilərin əzəli Azərbaycan torpaqları olan Qarabağa
köçürülməsindən sonra xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir.
Zaman-zaman öz havadarlarına arxalanan nankor ermənilər bütün vasitələrlə Azərbaycanlıları və bu
ərazilərdə yaşayan digər millətləri sıxışdıraraq öz torpaqlarından didərgin salmağa cəhdlər etmiş,
müəyyən vaxtlarda istəklərinə nail ola bilmiş, 20-ci əsrin əvvəllərində isə bizim ərazilərin bir hissəsi
hesabına öz dövlətlərini yarada bilmişdilər.
İfrat millətçilik siyasəti yürüdən ermənilər ötən əsrdə Rusiya imperiyasında yaranan inqilabi
şəraitlərdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə
qətlə yetirdilər. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam
etdirildi. 1948-1953-cü illərdə 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-
Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə daha 300 minə yaxın azərbaycanlı öz doğma
yurdundan qovuldu. 1988-ci ildə başlayan Qarabağ hadisələri isə yenidən on minlərə günahsız insanın
ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını 20 faizini işğal etməsi ölkəmizin
iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurdu.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev
müharibənin dayandırılmasına nail oldu, ölkədə bütün sahələrdə inkişaf və tərəqqi işlərinə başladı.
Məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri
soyqırımı siyasətinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Onun ölkəmizin inkişafı və tərəqqisi
istiqamətində gördüyü işlər Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildi.
Prezident İlham Əliyev tərəfindən son 20 il ərzində həyata keçirilən inkişaf və tərəqqi siyasəti
öz bəhrəsini verdi. İlk növbədə ölkədə iqtisadi tərəqqi əldə edildi, bu da ordunun gücləndirilməsinə,
müasir silahlarla təchiz edilməsinə imkan verdi. Ordumuz dünyanın 50 ən güclü ordularından birinə
çevrildi. Nəhayət ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 2020-ci il sentyabrın 27-də başlanan “Dəmir yumruq” əməliyyatı ilə 44 gün davam edən Vətən
Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz
gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və
zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, “Güclü ordu – güclü dövlət” strategiyasının və
«dəmir yumruq» siyasətinin nəticəsidir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 20 illik Prezidentlik fəaliyyəti
dövründə planlı, qətiyyətli və parlaq diplomatik siyasət aparıb. 30 il torpaqlarımızın 20 faizinin
düşmən əsarətində olmasını “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və
zabitlərimizin canı və qanı bahasına 44 gün ərzində “Qarabağ Azərbaycandır” nidasını qoyaraq Zəfər
Qələbəsi qazandı. 44 günlük tarixi İkinci Vətən müharibəsinin, həmin günlərdə ard-arda qazandığımız
qələbələrin, 8 noyabr Şuşa zəfərinin, 10 noyabr möhtəşəmliyini, əzəmətini, qürurunu yaşadıq.
Zəfərəmizin rəmzi olan Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun
peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi.
Və nəhayət, bir neçə gün əvvəl, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və
planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa
avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki
şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat
vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış
minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu. Bütün bu genişmiqyaslı təxribatların
qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə
qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya
quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə
başlanıldı.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq
göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində
separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun əzmi və gücü
qarşısında diz çökən separatçılar ağ bayraq qaldırdılar. Artıq bu ərazilərdə yerləşən bütün strateji
yüksəklik və məntəqələrdə Azərbaycan bayrağı dalğalanır.
Qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq»
siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz
daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki,
Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və
zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri
torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah
şəhidlərimizə rəhmət eləsin.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağasaqqalar Şurasının sədri