isaznow.com
Az Iw En Ru

Prezidentdən ermənilərə yönəlik daha bir humanist addım

İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azəbaycan Ordusu
növbəti qələbəsini qazandı. Belə ki, ordumuz sentyabrın 19-da Qarabağ iqtisadi zonasında keçirdiyi
antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Cəmi bir günə
əldə edilən Qələbə separartçı və terrorçu rejimin sonunu gətirmiş oldu. Bu tarixi zəfərimizlə sübut etdik
ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və
alınacaq.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərin
normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin
imzalanması prosesinə həmişə sadiq olub. Belə ki, ölkəmiz postmüharibə dövründə də bu istiqamətdə
bir neçə önəmli addımlar atıb. Lakin qarşı tərəfdən adekvat cavablar alınmayıb. Ancaq bununla belə,
Azərbaycan dövləti son günlərədək Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları
kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər
çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərmişdir. Son olaraq
Qarabağdakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə
etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasın təşkil
etmək Azərbaycanın gərginliyin azaldılmasına verdiyi digər töhvə idi.
Lakin təəssüflə qeyd edilməlidir ki,  Azərbaycanın bu humanist davranışlarına baxmayaraq
işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü
hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib.
Məsələn, son günlərdə delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar,
Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki
yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı
radio-elektron müdaxilə halları, «blokada», «humanitar böhran» kimi əssasız iddialar və siyasi şantaj,
qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin «prezident seçkiləri» Ermənistan
tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlar idi.
Bəli, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir.
Ona görə də bu lokal antiterror tədbirlərinin bir məqsədi var idi- Azərbaycanın ərazi bütövlüyü bərpa
olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistan ordusunun tör-töküntülərinin kökü birdəfəlik
kəsilsin. Xüsusilə mülki vətəndaşlarımızın həyatı qorunsun. Eyni zamanda, bu lokal antiterror tədbirləri
həm də bölgəyə sülhün gətirilməsi üçün çox vacib idi. Artıq bu istiqamətdə ilk addımlar atılmağa
başlanılıb. Belə ki, Qarabağdakı  erməni icmasının nümayəndələri ilə  Azərbaycan Respublikasının
Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin
Məmmədovun Yevlaxda görüşü keçirilib.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciət edərək antiteror tədbirlərinin başlanma
səbəbləri və nəticəsi barədə məlumat verib. Müraciət məzmun və  xarakterik cəhətdən humanizmə
söykənib. Xüsusilə müraciətdə ölkəmizin başçısı Qarabağda yaşayan erməni əslli vətəndaşlara  yeni bir
şans verildiyini bildirib: «Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif
edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq
hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir… İndi isə əminəm ki,
bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu
gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət
rahat nəfəs ala bilər.»
Ali Baş Komandanımız müraciətində bir daha vurğulayıb ki, Qarabağın erməni əhalisi bizim
vətəndaşlarımızdır: «Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və
Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi.
Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə
doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi
tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı
hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz
də yoxdur.»
Ölkəmizin başçısı müraciətində erməni xalqına və Qarabağda yaşayan erməni əsilli Azərbaycan
vətəndaşlarına daha bir humanist çağırış edib və onları inandırmağa çalışıb ki, bütün haqsızlıqlara,

kriminal Ermənistan rejimi tərəfindən törədilmiş bütün cinayətlərə baxmayaraq, biz erməni xalqını bu
cinayətlərdə heç vaxt günahlandırmamışıq: « Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin
dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin
ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri
artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar.»
Bəli, ordumuzun bir günlük lokal antiterror tədbirlərində tarixi Qələbəsinin yaratdığı reallıqlar
ölkəmizə yeni geosiyasi üstünlüklər vəd edir. Xüsusilə revanşist ermənilər və onların havadarları artıq
dalana dirənmiş vəziyyətdədirlər. Ancaq buna baxmayaraq hələ də bölgədə pozuculuq hərəkətlərini
davam etdirməyə çalışırlar. Prezident müraciətində onlara da həddini belə bildirb:  «Biz, sadəcə olaraq,
tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında
olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar
bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik.»
Vüqar Kərimov,
Sabirabad rayonu Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri


21:09 22.09.2023