isaznow.com
Az Iw En Ru

Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur

Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra
genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya
qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri
minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki
hərbi qulluqçusu yaralanıb. Bu da həmin bölgədə ordumuz tərəfindən lokal antiterror tədbirlərinin
keçirilməsinə səbəb oldu.
Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində
separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun  əzmi və gücü
qarşısında diz çökən separatçılar 1 sutka tamamlanmadan ağ bayraq qaldırdılar. Əldə olunan ilkin
razılaşmalara əsasən hazırda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı
qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən
və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlarmaqla  ərazilərimizi tərk edirlər. Eyni
zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Lokal antiterror tədbirləri zamanı ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını
ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, təcavüzkar Ermənistan fərqli olaraq dinc
sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata
keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların
qisasını artıqlaması ilə aldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz
Azərbaycan Ordusu daha böyük bir missiyanı – ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi
antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi.
Eyni zamanda sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa
müraciətində bildirdi ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.
Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə
baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında,
şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını
günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları
məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.
Ölkə başçısı həm də son iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük
quruculuq işlərini qeyd edərək bildirdi ki, “Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd,
Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni
tarixi bir şans yaradılıb”.
Orxan Mikayılov,
Sabirabad rayon, Ulacalı kənd sakini


18:05 22.09.2023