

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan
yenilməz Azərbaycan Ordusu sentyabr ayının 19-da ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi
antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha
Ordumuzun gücünü, qüdrətini göstərdi. Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə
yekunlaşdırmağa qadir olduqlarını bir daha sübut etdilər. Bu, bütövlükdə Azərbaycan xalqının
qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin
ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.
Çox qısa zaman ərzində – cəmi bir sutkadan da az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim
olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi. Ordumuz bir daha peşəkarlığını və
yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəfə
almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız
legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını misli ilə
aldı.
Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Məğlub və fərari ordusunun
qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərksilah edilmədi,
mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina
terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təkrar olaraq
təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki,
Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki,
“Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”. Ölkə başçısı qeyd etdi ki,
cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilib, elektrik
stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur, indi də bu işlər
sürətlə davam edir. Özü də bu işlər heç bir kənar yardım olmadan, yalnız ölkəmizin vəsaiti hesabına
görülür. Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə
yaradılacaqdır.
Qeyd edilməlidir ki, son müddət ərzində bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda
keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş
və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin
başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz.
Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə
qarışmağa haqqı yoxdur”.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru