isaznow.com
Az Iw En Ru

“Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq!

Sentyabrın 19-da Azərbaycan lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Qarşıda
duran bütün vəzifələr lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi bir gün ərzində yerinə
yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına
layiqli cavab veriləcəkdir.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq
göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində
istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə
yerləşdirilməsinə baxmayaraq,  hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli
dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz
yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun
böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.
Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və
infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ağ bayraq
qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən
mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlandı. Artıq ordumuzun hissələri vaxtı ilə
işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar.
Bu gün bölgədə yeni vəziyyətin yaranması labüddür. Bu ərazilərdə yaşayan ermənilər də
separatçı rejimin əsarətndən qurtulmuş oldu. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev xalqa müraciətində bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur,
ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən
törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq.
Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni
xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz
onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də
alacaqlar”.
Eyni zamanda Prezident İlham Əliyev bildirib ki, “onların bütün hüquqları təmin ediləcək –
təhsil hüquqları, mədəniyyət hüquqları, din hüquqları, munisipal seçki hüquqları. Yəni, Azərbaycan
azad cəmiyyətdir, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir.
Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bunu görür”.
Ölkə başçısı qeyd etdi ki, cəmi iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq
işləri həyata keçirilib, elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər,
şəhərlər qurulur, indi də bu işlər sürətlə davam edir. Özü də bu işlər heç bir kənar yardım olmadan,
yalnız ölkəmizin vəsaiti hesabına görülür. Gələcəkdə isə bu şərait  Xankəndi, Ağdərə, Xocavənd,
Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni
tarixi bir şans yaradılıb.
Müraciətinin sonunda Prezident İlham Əliyev bəyan etdi: “Azərbaycan və Ermənistan öz
aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri
üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Ancaq bununla bərabər, onu
da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər
heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim
bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki,
Qarabağ Azərbaycandır!”
Elvin Rzayev,
Sabirabad rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri


04:03 22.09.2023