

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya
sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən
mütəmadi şəkildə təxribatların və terror aktlarının törədilməsi cavab tədbirlərinin görülməsini zərurətə çevirdi.
Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verməklə öz suveren ərazilərində separatizmin
və “boz zona”nın mövcudluğuna imkan verməyəcəyini, qanunların aliliyini təmin etmək üçün sarsılmaz iradəyə,
qətiyyətə və hərbi gücə malik olduğunu bir daha hər kəsə nümayiş etdirir. Qarabağda keçirilən lokal xarakterli
antiterror tədbirlərinin məqsədi bölgədə Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etməkdir.
Məlum olduğu kimi, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri son bir neçə ayda
ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmaqla, ərazilərimizin minalanmasını
davam etdirməklə məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirməkdə idi. Düşmən döyüş mövqelərini şəxsi
heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirməyə cəhd edirdi. Azərbaycan
Silahlı Qüvvələri tərəfindən təsbit edilmişdi ki, ermənilər hərbi birləşmələrinin yüksək döyüşə hazırolma
səviyyəsinə gətirilməsi, ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi,
mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat
məqsədilə yenidən minalanması kimi mənfur əməlləri həyata keçirməyə çalışırlar. Məhz Ermənistanın
Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti nəticəsində sentyabrın 19-da düşmənin
kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minaların partlaması iki mülki şəxsin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yeddi
hərbi qulluqçusunun həlak olması ilə nəticələndi. Son terror aktları artıq Azərbaycanın qəti və təsirli tədbirlər
görməsini qaçılmaz etdi.
Qarabağda lokal xarakterli antiterror tədbirlərini zərurətə çevirən səbəblər kifayət qədər çoxdur. Belə ki,
Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti nəticəsində Qarabağın ermənilər yaşayan ərazisi
cinayətkar hərbi dəstələrin azğınlaşdığı, narkoticarətin və narkotiklərin tranzitinin, silah alverinin və digər
qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının
işləmədiyi “boz zona”ya çevrilmişdi.
Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin mövcudluğu orada yaşayan erməni əhali üçün də ciddi təhlükə
yaradırdı. Belə ki, separatçıların fəaliyyətləri dövründə Azərbaycanın işğal altında olan ərazilərində milli-mədəni
və təbii sərvətlərimizin talanması nəticəsində bir qrup siyasətçi, oliqarx daha da varlanıb, ancaq yerli əhalinin
rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Əksinə, mülki ermənilər aclığa, səfalətə sürükləniblər,
qondarma rejimin təzyiqi və qorxusu altında yaşamağa məhkum ediliblər.
Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi
zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli
sürüb. Lakin Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına imkan verməyiblər. Onlar
hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun
problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Bu baxımdan lokal xarakterli
antiterror tədbirlərinin həyata keçirilməsi Qarabağdakı erməni azlığın humanitar problemlərinin həlli, onların
separatçıların əsarətindən qurtarılması baxımından da zəruridir.
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər yalnız Ermənistan silahlı
qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhvinə, Ermənistan hərbçilərinin
tərksilah edilməsinə və neytrallaşdırılmasına yönəlib. Düşmənin və bəzi ermənipərəst dairələrin iddialarının
əksinə olaraq Silahlı Qüvvələrimiz ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların
təhlükəsizliyinin təmin edilməsi, onların həyatının qorunması üçün bütün lazımi tədbirləri görür. Bu tədbirlər
çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və
uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların
tətbiqi ilə sıradan çıxarılır. Eyni zamanda, Qarabağdakı mülki ermənilərə qəti şəkildə antiterror tədbirlərinin
keçirildiyi ərazilərdə durmamaq, evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq barədə
xəbərdarlıqlar edilib, onların telefonlarına məlumat xarakterli mesajlar göndərilib, səsgücləndirilər vasitəsilə
Azərbaycan, rus, erməni dillərində anonslar edilib. İnsanların humanitar problemlərinin həlli üçün də zəruri işlər
həyata keçirilir.
Qarabağda lokal xarakterli antiterror tədbirlərini keçirməklə Azərbaycan bölgədə Konstitusiya
quruluşunu bərpa edir. Bu, bizim hüququmuzdur. Daha bundan sonra Qarabağda “boz zona” mövcud
olmayacaq, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada
idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirlər həyata keçiriləcək.
Yeganə Cəbiyeva,
S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi