isaznow.com
Az Iw En Ru

“Boz zona” gorbagor oldu!

Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü
prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə sadiqdir. Lakin Azərbaycanın
səylərinə baxmayaraq, Ermənistan postmüharibə dövründə bütün vasitələrdən yararlanaraq ölkəmizin
suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub
saxlamaq cəhdlərini davam etdirib: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi
təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi,
texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə
qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi
şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri”
Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş çoxsaylı təxribatçı addımlardan
bəziləridir.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra
genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya
qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri
minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki
hərbi qulluqçusu yaralanıb. Erməni silahlı qüvvələrinin bu kimi təxribatları davam etdirmək məqsədilə
döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi
Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Bu, səbrimizin son damlası oldu… Daha bəs
idi! Bütün bunlar müzəffər ordumuzun Qarabağ bölgəsində antiterror tədbirləri keçirməsini zəruri etdi.
Bəli, Azərbaycan özünün beynəxalq hüquqla tanınmış ərazilərində – Qarabağ bölgəsində lokal
antiterror tədbirləri gerçəkləşdirirdi və bu tədbirlər heç bir ölkəyə qarşı yönəlməyib. Əsas hədəf
separatçılığın kökünü kəsməkdir və buna nail olunması mütləqdir.
Görünən o idi ki, erməni tərəfi xoşluqla sülhə gəlməyəcək. Ona görə də Qarabağ ərazisində
antiterror tədbiri zərurətə çevrildi. Azərbaycanın mövqeyi ondan ibarətdir ki,  Ermənistan hərbi
birləşmələrini ərazilərimizdən çıxarmalı, revanşist planlardan əl çəkməli, suverenliyimizi  və ərazi
bütövlüyümüzu pozmağı dayandırmalı, Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən
imtina etməlidir. Eləcə də qanunsuz  xunta rejimi buraxılmalıdır. Əgər ermənilər bunu xoşluqla
etməyəcəkdisə, beynəlxalq hüququ və suverenliyimizi dövlətimiz öz gücünə təmin edəcəkdi və etdi də!
Bitdi! “Qarabağda antiterror tədbirlərinə başlanıldı” xəbəri ilə “Separatçılar təslim oldu” xəbəri
arasında vaxt cəmi 23 saat 43 dəqiqə çəkdi. Azərbaycan Ordusunun  əzmi və gücü qarşısında diz çökən
separatçılar 1 sutka tamamlanmadan ağ bayraq qaldırdılar, təslim oldular. Çünki artıq başqa yolları yox
idi. Bu, onların yeganə çıxış yolu idi.
Hikmət Bağırlı,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin baş məsləhətçisi


03:46 22.09.2023