isaznow.com
Az Iw En Ru

Lokal anti-terror əməliyyatları bölgəyə davamlı sülhün gətirilməsi üçün lazımdır

Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü
prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiqdir. Belə ki,
ölkəmiz postmüharibə dövründə də bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Dakin qarşı tərəfdən
adekvat cavablar alınmayıb. Ancaq bununla belə, Azərbaycan dövləti son günlərədək  Qarabağ
regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və
Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin
olunması üzrə səylər göstərmiş və göstərməkdə davam edir. Son olaraq, Qarabağ regionundakı erməni
sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl
Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasınv təşkil etmək  Azərbaycanın gərginliyin
azaldılmasına verdiyi digər töhvə idi.
Lakin təəssüflə qeyd edilməlidir ki,  Azərbaycanın bu humanitar davranışlarına baxmayaraq
işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü
hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib.
Məsələn, son günlərdə delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar,
Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki
yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı
radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj,
qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan
tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardır.
Xatırlatmaq lazımdır ki, Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış
üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi
təhlükə mənbəyidir. Məhz buna görə də sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni
silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və
hərbi qulluqçular həlak olub və yaralanıblar.
Bütün bunlara cavab olaraq, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq
antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc
əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun
bərpa edilməsi məqsədinə xidmət edir. Azərbaycanın müdafiə nazirliyi bəyan edir ki, görülən lokal
anti-terror tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali
heç bir halda hədəf deyildir.
Bəli, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir . Bu
məsələdə Ali Baş Komandan İlham Əliyevlə xalqın birliyi sarsılmaz bir qüvvədir və düşmənə ağır
zərbələr vurmağın mühüm mənbəyidir. Bu lokal anti-terror əməliyyatların bir məqsədi var-
Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistanın
ordusunun tör-töküntülərinin kökü birdəfəlik kəsilsin. Xüsusilə mülki vətəndaşlarımızın həyatı
qorunsun. Eyni zamanda, bu lokal anti-terror əməliyyatları həm də bölgəyə sülhün gətirilməsi üçün çox
vacibdir.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


22:45 21.09.2023