isaznow.com
Az Iw En Ru

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələdə yüksək dinamika ilə
inkişaf edir. Azərbaycan Prezidentinin cari il sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya
Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da bunu bir daha sübut edir.
Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.
“Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Düşənbə
Sammitində çıxış edən möhtərəm dövlət başçımız bu məqamları bir daha vurğuladı və bildirdi ki,
ölkələrimizin otuz ildən artıq müddətdə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli
formatda səmərəli qarşılıqlı fəaliyyəti, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi
göstəriciləridir. Xatırladaq ki, Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il
mayın 29-da qurulub. 2007-ci il martın 15-də isə “Azərbaycan Respublikası və Tacikistan Respublikası
arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud iqtisadi əməkdaşlığın əsasında
nəqliyyat-logistika sahəsi dursa da, son illər bu əməkdaşlığın şaxələndirilməsi üçün möhkəm zəmin
yaradılıb: “Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri
məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları
istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən
müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur
dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib.
Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də
mühüm addımlar atılır. Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, artıq sənaye
əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də
pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir.
Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi
Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları da getdikcə
artır. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir.
Zülfiyyə Abışova,
Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin direktoru


17:26 19.09.2023