

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.
Bu görüşdə Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan təkcə regionda deyil, həm də daha geniş
coğrafiyada yeni reallıqların formalaşmasında mühüm rol oynayan bir faktora çevrilir. Son üç ildə baş
verən geosiyasi proseslər fonunda ölkəmizin bütün dünyada nüfuzu daha da artmış, etibarlı tərəfdaşa,
aparıcı regional və beynəlxalq gücə çevrilmişdir. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanla
əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya
dövlət başçılarının 5-ci Məşvərət Görüşünə fəxri qonaq qismində dəvət olunması ölkənin artan
beynəlxalq nüfuzunun əyani sübutudur. İlk dəfədir ki, bu regiona daxil olmayan ölkənin rəhbəri belə
bir mühüm görüşdə iştirak edirdi. Bu, Azərbaycan dövləti başçısının şəxsi nüfuzunun, ölkəmizin
beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində
verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin nəticəsidir. Bunu Məşvərət Görüşünün iştirakçıları
olan dövlət başçıları öz çıxışlarında da qeyd ediblər.
Bu, Azərbaycanın həyat keçirdiyi siyasətin real nəticəsi, onun təkcə Cənubi Qafqazda deyil,
həm də Mərkəzi Asiyada getdikcə artan rolunun etirafı idi. Xüsusi ilə qeyd etmək lazımdır ki, Rusiya-
Ukrayna müharibəsinin böyük təsiri fonunda dünyada baş verən mürəkkəb və dinamik geosiyasi
hadisələr beynəlxalq sistemdə dəyişiklik etməyə məcbur edir, təhlükəsizlik riskləri getdikcə ön plana
çıxır və bu dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin qarşılıqlı etimad çərçivəsində inkişaf
etdirilməsini tələb edir. Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici
siyasət yürüdən uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləmişdir. Məhz buna görə də həm
Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada
birləşdirici halqa kimi Azərbaycanın böyük rolu vardır.
Tacikistanın paytaxtında keçirilən görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin
gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi,
regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab verilməsi məqsədilə əməkdaşlığın
daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq problemlər daxil edilmiş və bu
məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Göründüyü kimi, son dərəcə vacib məsələlər müzakirə
olundu.
Bu gün Azərbaycanın xarici siyasətində türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq
xüsusi yer tutur. Dövlətimizin başçısı çıxışında Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq
məsələsinə bir daha toxunaraq dedi: “30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli,
həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstəririk. bir-birinin müstəqilliyini, suverenliyini
və ərazi bütövlüyünü dəstəkləmək, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmək”.
Son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri
diqqətəlayiq hadisədir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan bu regionun dövlətləri ilə sıx
əlaqələr qurdu. Bu əlaqələrin daha da inkişaf etdirilməsi təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri
üçün deyil, bütün türk dünyası üçün vacibdir.
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda etibarlı
tranzit ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda Mərkəzi Asiya dövlət
başçılarının 5-ci Məşvərət Görüşündə çıxışı zamanı bir daha iştirakçıların diqqətinə çatdırdı. Dövlət
başçısı əks istiqamətdə tranzitin vacibliyini də qeyd edib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki,
Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu onların üzünə açıqdır”.
İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə
ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz artıb. Artıq birgə
investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi
razılaşdırılıb. Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd
təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata
keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin
mərhələsindədir.”
Prezident Əliyev Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin diqqətini çatdırdı ki, Azərbaycanın
Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolunun
modernləşdirilməsinə xüsusi önəm verir: Gələn il bu yolda yük axınının 1 milyon tondan 5 milyon tona
çatdırılacağını deyən Azərbaycan dövlət başçısı bununla paralel olaraq Bakı ticarət limanının
imkanlarının da bugünkü 15 milyon tondan 25 milyon tona qədər genişləndiyini vurğulayıb. ton təşkil
edir.
Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada hörmət və nüfuz sahibidir.
Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, uzaqgörənliyi sayəsində öz mühüm
strateji hədəflərinə doğru addım-addım irəliləyir.
Könül Ağayeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi