

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Bu
görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən ölkəmizin başçısının Mərkəzi Asiya Dövlətlərinin
Başçılarının görüşünə dəvəti bir daha ölkəmizin və onun rəhbəri cənab İlham Əliyevin nüfuzu və hörmətini, ona
olan ehtiramı bir daha sübut edir.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik
qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Təkcə son iki il ərzində Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz, o cümlədən cari ildə
qardaş Tacikistana iki dəfə səfər edib. Eyni zamanda, iki il ərzində bütün qardaş dövlətlərin başçıları da
Azərbaycanda səfərlərdə olublar. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli
formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü
dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk.
Mərkəzi Asiya önəmli coğrafi region sayılır. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı,
demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni
coğrafi regiondur. Regional əməkdaşlığın yeni formatı, dövlət başçılarının mütəmadi olaraq görüşlərinin
keçirilməsi ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaqdır.
Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi və ticarət əlaqələrin, sərmayə qoyuluşunun artması
mühüm göstəricidir. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Təkcə
keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha
50 faiz artıb. Birgə sərmayə fondlarının yaradılması ilə növbəti üç il üçün 1 milyard ABŞ dollarından artıq
qarşılıqlı sərmayə qoyuluşu razılaşdırılıb.
Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən
də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana
işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin
Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları artır.
Həmçinin qarşılıqlı əlaqələrin genişlənməsində nəqliyyat və logistika sahəsi mühüm yer tutur. Bu gün
Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.
Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın
bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır.
Eyni zamanda Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-
Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon
tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15
milyon tondan 25 milyon tona qədər artırılır.
Prezident İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri zamanı iki ölkənin rəhbəri təkbətək
görüşərək ikitərəfli münasibətləri müzakirə ediblər. Ümumiyyətlə, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi,
humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və
dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Prezident İlham Əliyevin bu ilin aprel ayında
Tacikistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsi hesab oluna bilər. Həmin səfər zamanı
iki dövlət arasında imzalanmış sənədlər qarşılıqlı münasibətləri daha da gücləndirəcək. İmzalanmış sənədlər
arasında “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında
qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da böyük önəm kəsb edir. Bu fakt işğaldan azad edilmiş
ərazilərlə bağlı beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünə dəstəyinin təzahürüdür.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət
görüşündə fəxri qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. İlk dəfədir ki, Məşvərət görüşündə
regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, dövlətimizin başçısının dünyadakı böyük nüfuzunun, ölkəmizin
beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən
yüksək qiymətin əyani nümunəsidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika
şəbəkəsinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya
arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin
Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini
göstərəcəkdir.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi