

Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan
olunması Ümummilli Liderə xalqın ehtiramı, sədaqətidir. Sərəncamda da qeyd olunduğu kimi, Ulu
Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi - siyasi sınaqlarından uğurla çıxarmış və
ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni
əsrə və yeni minilliyə məhz Onun zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda
inamla irəliləyən müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ulu Öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikaya rəhbərlik etdiyi dövrdə və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən böyük uzaqgörənliklə Azərbaycanın
gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial - iqtisadi və milli - mənəvi bünövrə
yaratdı. “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-
ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür - qoy etdim. Mən öz taleyimi xalqa
tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” –
deyən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Azərbaycanın dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi - siyasi qərarlar qəbul etdi, Ermənistan
hərbi birləşmələrinin Naxçıvana hücumunun qarşısı qətiyyətlə alındı, blokada şəraitində yaşayan
Naxçıvanın sosial - iqtisadi inkişafı məqsədilə mühüm tədbirlər görüldü. Dövlət müstəqilliyimizin
yaradılmasının, onun dönməz və sarsılmaz olmasının təmin edilməsi, dövlət çevrilişi cəhdlərinin və
separatizmin qarşısının alınması,vətəndaş həmrəyliyinin bərqərar olması, ictimai - siyasi və iqtisadi
sabitliyin yaradılması üçün əsaslı işlər görüldü.
Ümummilli Liderin Naxçıvanda həyata keçirdiyi demokratik tədbirlər bütün Azərbaycana
nümunə olmuşdu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış
sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi. Dağlıq Qarabağ münaqişəsinin
səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın,
təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini
qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək
“Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı
kimi təsdiq olundu. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə
çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan
olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali
Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik
günü kimi dəyərləndirirdi və bunu obyektiv yanaşmalarla əsaslandırirdı: “1918-ci ildə Azərbaycan
xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti
yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq
Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə
Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin,
hökumətinin təsisatları məhz həmin dövrdə yarandı.”
Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti sayəsində müstəqil dövlətçilik
ənənələrinin inkişafı prosesi başlandı, ölkəni gözləyən bütün təhlükələr dəf edilərək Azərbaycanın
müstəqilliyinin möhkəm təməli qoyuldu, köklü islahatlar nəticəsində dövlət idarəçiliyinin bütün
sahələri dünya standartlarına uyğunlaşdırıldı. Ulu Öndərin uzaqgörənliyi ilə mütərəqqi dövlət
quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, sosial sabitliyin təməli
qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.
Bu gün Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olan müstəqil Azərbaycan Möhtərəm
Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində
beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə, qüdrətli orduya malik olan sülhsevər bir ölkə
kimi tanınır və bu uğurlu siyasət nəticəsində Ulu Öndərin ilahi arzuları zaman - zaman həyat keçir,
reallaşır və müdrik xalqımız özünün şanlı tarixinin yeni - yeni səhifələrini yazır.
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri