

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bütün ömrünü müstəqil Azərbaycan dövlətini
qurmağa və gücləndirməyə, hər bir Azərbaycan vətəndaşının firavan, xoşbəxt həyat sürməsinə həsr etmişdir.
Bütün çətinliklərə, hətta dəfələrlə həyatı təhlükədə olmasına baxmayaraq Heydər Əliyev bu müqəddəs amaldan
geri çəkilmədi.
1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra doğma yurdu olan Naxçıvana dönən Ulu Öndər Heydər
Əliyevi Naxçıvan əhalisi böyük sevinc və çoşqu ilə qarşıladı. O vaxtlar çətin vəziyyətdə olan Naxçıvan əhalisi
başa düşürdü ki, onları bu ağır vəziyyətdən dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər.
30 sentyabr 1990-cı ildə ulu öndər Azərbaycan SSR və NMSSR Ali Sovetinə deputat seçildi. Bu ulu
öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi fəaliyyətinin başlanğıcı oldu. Məhz ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1990- cı il noyabrın 17-də Naxçıvan Ali Soveti üçrəngli bayrağımızın Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda Azərbaycanın qanunvericilik orqanına
1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi dövlət rəmzlərinin - bayrağın, gerbinin,
himnin Azərbaycanın milli atributları kimi qəbul edilməsi təklif edildi. Həmçinin sessiyada NMSSR-nın adından
"Sovet, Sosialist" sözlərinin çıxarılması barədə qərarın qəbul edilməsi təklifi ulu öndər Heydər Əliyev tərəfindən
irəli sürülmüşdür. Bu cür cəsarətli, qətiyyətli addımlar məhz Heydər Əliyev tərəfindən irəli sürülə bilərdi. Ulu
öndər Heydər Əliyevin irəli sürdüyü bütün təkliflər müstəqil Azərbaycan dövlətinin yaranmasına xidmət edirdi.
Naxçıvan Muxtar Respublikası Ali Soveti 1990-cı il 20 yanvar hadisələrinə də siyasi qiymət verdi və bu
hadisədə SSRİ rəhbərliyi ilə yanaşı respublika rəhbərləri Vəzirov və Mütəllimovun da günahkar olduqlarını
qeyd etdi.
Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılış sessiyasındakı çıxışı xalq
tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Ulu öndər respublikadakı mövcud siyasi vəziyyəti ətraflı təhlil
etdi, Dağlıq Qarabağ münaqişəsində SSRİ rəhbərliyi ilə yanaşı Azərbaycan rəhbərliyinin də ciddi nöqsanlara yol
verdiyini , eləcə də təcavüzkar Ermənistanla birlikdə mübarizə aparmağın vacib olduğunu qeyd etdi. Həmin
sessiyada dövlətin adının dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırılması və Azərbaycan Xalq
Cümhuriyyətinin bayrağının dövlət bayrağı təsdiq olunmasında ulu öndər Heydər Əliyevin böyük rolu
olmuşdur. Ulu Öndər Heydər Əliyevin 1991-ci il iyulun 19-da SSRİ Nazirlər Soveti partiya təşkilatına
Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Konstitusiyaya zidd olaraq pozulması, Ermənistanın
Azərbaycana qarşı elan edilməmiş müharibə aparması səbəbindən partiya sıralarından çıxması barədə yazdığı
ərizə xalq tərəfindən böyük rəğbətlə qarşılandı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış
növbədənkənar sessiyasında ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi
çıxış etdi. Bunun nəticəsində sessiyada "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi
haqqında " Bəyannamə qəbul edildi. 1991-ci il oktyabr ayının 18- də isə Ali Sovet "Azərbaycan Respublikasının
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. Ulu Öndər Heydər Əliyev AXC-nin yarandığı
günü müstəqillik günü kimi dəyərləndirib və AXC-nin cəmi 23 ay yaşamasına baxmayaraq dövlətçiliyin,
müstəqilliyin əsaslarının qoyulmasında əhəmiyyətini qeyd edirdi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və qanunvericiliyə əsasən həm də Azərbaycan
Respublikası Ali Soveti sədrinin müavini oldu. Bundan sonra dahi şəxsiyyətin Azərbaycanın siyasi həyatında
böyük işlər görməsinə şərait yarandı.
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin bərpası istiqamətində qəti
addımlar atılmasına səbəb oldu. Ulu Öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik konsepsiyası hazırlandı,
iqtisadiyyatımız yeni mərhələyə qədəm qoyaraq sürətlə dirçəlməyə başladı. Azərbaycanda demokratiya, mətbuat
və söz azadlığı bərqərar oldu. Tolerantlıq, multikulturalizmin əsası qoyuldu. Dahi siyasətçi, müdrik dövlət
başçısı Heydər Əliyev Azərbaycanda dövlətçiliyin prinsiplərinin əsasını qoydu, sosial, siyasi sabitliyin təməlini
formalaşdırdı. Bu gün də Azərbaycan Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi kursla irəliləyir və dünyada
böyük nüfuz sahibinə çevrilərək yeni uğurlara imza atır.
Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi