

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək
imkanı verdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyini elan etməsi Sovet İttifaqının çöküşü və
“soyuq müharibə”nin sona çatması kimi qlobal geosiyasi proseslər fonunda baş verirdi. Dövlət
müstəqilliyi haqqında Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş
Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Ulu öndər Heydər Əliyev də
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu
obyektiv yanaşmalarla əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti
nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda
Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq
fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin,
dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz
həmin dövrdə yarandı”.
1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə
Naxçıvanda yaşamış və həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü
illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin
sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Görkəmli dövlət xadiminin 1991-ci
il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada
deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi
də Azərbaycanın müstəqilliyinin əsasını qoymuşdur.
Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar
müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. 1993-cü ilin may-iyun aylarında ölkədə
vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər
Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət
etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin
sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu
böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan
Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun
bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası
istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.
Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin
möhkəm təməlini qoydu. “1991-ci il oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı çox dəyərli sənəddir. Bu sənəddə Azərbaycanın müstəqilliyi və müstəqil dövlət kimi
dövlət quruculuğu haqqında çox dəyərli müddəalar öz əksini tapıbdır” – deyən Ulu Öndər Konstitusiya
Aktının prinsiplərinin real həyatda vəsiqə qazanması üçün ardıcıl və qətiyyətli iş gördü. Ümummilli
lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası,
iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik
inkişaf reallaşdı. Məhz Heydər Əliyev öz dühası ilə Azərbaycan tarixinin bu yeni mərhələsində
cəmiyyəti səfərbər edərək müstəqil siyasi, iqtisadi və sosial-mədəni kursun gerçəkləşməsinə nail oldu.
İlk növbədə, ölkədə separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı
alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar
dəstələr cəmiyyətdən təcrid edildi. Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər
həyata keçirildi.
XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin
yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin
möhkəm təməlini qoymuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin
Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını
dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş
etdirmişdir. Bu illər ərzində yaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin
islahatlar həyata keçirilmişdir. Azərbaycan öz milli neft strategiyası və konsepsiyasını həyata
keçirməyə başlamış, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələr bağlayaraq dünya
iqtisadiyyatına qovuşmasını təmin etmişdir.
Xalqımızın xoşbəxtliyi həm də ondadır ki, müstəqil Azərbaycanda Heydər Əliyevin əsasını
qoyduğu siyasətin varisliyi yüksək səviyyədə təmin edilir. 20 il bundan əvvəl-2003-cü il 15 oktyabr
tarixində xalqımız Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevə səs verərək Onu Azərbaycanın
Prezidenti seçdi. Cənab Prezident İlham Əliyev ötən 20 ildə xalqın inamını yüksək səviyyədə
doğruldub.
Müstəqil Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı ən böyük uğur
isə, heç şübhəsiz ki, öz gücünə ərazi bütövlüyünü təmin etməsidir. Bu, Müzəffər Ordumuzun 44 günlük
Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində mümkün oldu. Artıq üçüncü ildir ki,
Azərbaycan Müstəqillik gününü qalib dövlət kimi qeyd edir. Rəşadətli ordumuz nəyə qadir olduğunu
döyüş meydanında göstərdi və cəmi 44 gün ərzində düşmən ordusunu tar-mar etdi. Bununla da ərazi
bütövlüyümüz təmin olundu. Müharibədən sonrakı mərhələdə isə vaxt itirilmədən işğaldan azad
edilmiş ərazilərin bərpasına və Böyük Qayıdışa start verilib. Bütün bunlar müstəqil Azərbaycanın
gücünü və əzmini bütün dünyaya nümayiş etdirir.
Səbinə İsmayılova,
Sabirabad rayonu Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri