

1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin – müstəqilliyə gedən
yolun təməli qoyuldu. Məhz həmin tarixdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş
Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsi oktyabrın 18-də qəbul ediləcək Konstitusiya
aktının özəyini təşkil etdi.
Əslində, bu tarix həm də bugünkü qüdrətli Azərbaycanın təməlinin qoyulmasının ilk
addımlardan biri idi. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin
inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi, daha sonra
Naxçıvan Muxtar Respublikasına gedərək, orda həm Azərbaycan Ali Sovetinin, həm də Muxtar
Respublikanın Ali Sovetinin deputatı seçildi.
Xalqın iradəsi, Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı,
müstəqilliyimizin və özünüdərkin ilk anonsu olaraq 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız
Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi. Muxtar respublikanın rəmzi olaraq qəbul edilmiş üçrəngli
bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də
müstəqilliyimizin ilk rəmzi idi.
Muxtar respublikada aparılan islahatların məntiqi davamı olaraq, Ümummilli Liderin iradəsi ilə
Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
adlandırılması, SSRİ-nin mənəvi mirasını özündə daşıyan “sovet” və “sosialist” sözlərindən imtina, özü
ilə birlikdə müasirliyi, yeniliyi, özünüdərki gətirdi.
Bu müddət ərzində Muxtar Respublikanın Ali Məclisi baş vermiş qanlı 20 Yanvar faciəsi ilə
bağlı öz qətiyyətli mövqeyini ortaya qoydu. Bu hadisənin əsas günahkarlarının SSRİ rəhbərliyi olması,
eləcə də respublikaya rəhbərlik edən şəxslərin bilavasitə günahkar olmaları və məsuliyyət daşımaları
qeyd edildi. Məhz 1991-ci ildə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar
iclası çağırıldı. Məhz bu iclas zamanı Ulu Öndər Heydər Əliyev çıxışında müstəqillik məsələsinə
toxunaraq, 70 illik imperiyadan ayrılmağın vaxtının çatdığını qeyd etdi. Məhz bu çıxışdan sonra
Azərbaycanın müstəqilliyinin bərpası məsələsi gündəmə gəldi və müstəqilliklə bağlı real addımlar
atılmağa başladı. Təsadüfi deyildir ki, məhz həmin gün – avqustun 30-da müstəqilliyin elan edilməsi ilə
bağlı qəbul olunmuş bəyannamə ilə Azərbaycan öz tarixi müstəqilliyini bərpa edirdi.
İlk dəfə 1918-ci ildə müstəqillik əldə etmiş, daha sonra isə 1991-ci il oktyabrın 18-də qəbul
edilmiş Bəyannamə ilə bu müstəqilliyimiz bərpa edildi. Tarix bizə onu göstərdi ki, məhz 1991-ci ildə
qəbul edilmiş müvafiq Akt ölkəmizin Xalq Cümhuriyyətinin varisi olduğunu elan edir, bununla da
ölkəmiz müstəqilliyini bərpa etmiş oldu.
Təəssüf ki, 1991-1993-cü illərdə bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarı
Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə sadiq olmadılar. Dövlətçiliyin
maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi
nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Siyasi səriştəsizlik, hakimiyyət uğrunda
aparılan intriqalar əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi.
Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu
Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf
yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması,
şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı.
Eldar Urufov,
Sabirabad rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru