isaznow.com
Az Iw En Ru

LAÇIN RAYONUNUN TİMSALINDA BİZ DİRÇƏLƏN AZƏRBAYCAN REALLIQLARINI GÖRÜRÜK

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın
müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə
yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad
etdilər.
Dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin
şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi.
Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən
nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə başlandı.
Ötən 8 ay ərzində burada çox böyük işlər həyata keçirildi. indi Laçın böyük bir tikinti meydançasını
xatırladır. Bu gün Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana
kompleksinin təməli qoyulub, avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel
fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın,
“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının
açılışı keçirilib.
Cari ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq
Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın
şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında
bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
Qzanılan zəfərdən keçən üç ilə yaxın bir müddətdə işğaldan azad olunmuş ərazilərdə ölkəmiz
tərəfindən sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma
işləri bilavasitə Prezident İlham Əliyevin nəzarəti ilə həyata keçirilir. Yeni infrastrukturun yaradılması
ilə yanaşı, bir çox dövlətlər üçün nümunəvi hesab olunan müasir idarəçilik modelinin tətbiqi işğaldan
azad olunan ərazilərimizi ümumən regionun yeni inkişaf mərkəzinə çevirməkdədir.
Bu günə kimi Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla
700 bina inşa edilib və bu işlər davam edir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib
və bu Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Bu il avqustun 26-da
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın
şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
Həmçinin 2023-cü il aprelin 23-də Laçın rayonu ərazisində Həkəri çayının üzərində
Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə
olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu.
Azərbaycan-Ermənistan sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin
yaradılması ilə Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Prezident İlham Əliyev avqustun 26-da “Laçın Şəhəri Günü” bayram tədbirindəki çıxışında bu
hadisəni xüsusi qeyd edərək demişdir: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz
beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və
qoruyacağıq”.
Prezident İlham Əliyevin son üç ildə Laçına çoxsaylı səfərləri, sakinlərlə görüşləri, Laçın Şəhəri
Günü ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı 8 ay
müddətində görülmüş möcüzəvi işləri nəinki Laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə
təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi. Dövlət başçısının qeyd etdiyi kimi, “Laçın
şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni
zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik”. Çıxışı zamanı Prezident İlham Əliyev bir daha
Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün
mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır”.
Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ – Vətən müharibəsində əzmkarlıqla öz
torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin bəyan etdiyi kimi,
öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri dayandırmayacaq. Bu, bir tərəfdən
Azərbaycan xalqının birliyini ifadə edən yanaşmadır, digər bir tərəfdən isə bu gün dünyada baş verən

siyasi katoklizmlərin, mövcud olan münaqişələrin həlli istiqamətində ölkəmizin sülhməramlı qüvvə
olaraq çıxış etməsinin, bölgədə sülhün təmin olunması üçün təkbaşına bütün işləri gördüyünün əyani
sübutudur.
Bu gün istər işğaldan azad olunmuş torpaqlarımıhda, istərsə də regionlarımızda görülən işlər,
İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin
məntiqi sübutudur. “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”, -deyən
Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərləri bir daha
göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə
maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz.
Pəhlivan Qarayev,
Sabirabad rayon Təhsil sektorunun müdiri


16:32 30.08.2023