isaznow.com
Az Iw En Ru

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması beynəlxalq qaydalara uyğun olaraq təmin edilib

Bu il  aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının
üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və
bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu gün Ermənistan bununla bağlı nə
qədər oyunbazlıq etsə də onlar bununla barışmaq məcburiyyətindədir. Təbii ki, Ermənistan adəti üzrə
hay-küy salaraq Azərbaycanı erməniləri blokadaya alması kimi sərsəm fikirlər yürüdür və
himayədarları da bu və ya digər şəkildə onların səsinə səs verir. Anlamırlar ki, bu kimi görüntüləri ilə
Azərbaycanın daxili işlərinə müdaxilə etməyə davam edirlər ki, bu cəhdlər də artıq öz effektini itirib.
Beynəlxalq aləm də bilir və qəbul edir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin
suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Odur ki, Ermənistan və himayədarları
burunlarını daxili işlərimizdən çəksələr yaxşıdır.
26 avqust – Laçın şəhəri günündə Azərbaycanın suveren ərazi bütövlüyünün bərpası ilə bağlı
açıqlamasında Prezident İlham Əliyev deyib: “23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası
deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və
bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq
və qoruyacağıq”.
Bu gün Azərbaycan öz sərhədlərinin toxunulmazlığının təmin olunması ilə bağlı bütün gərəkən
işləri görür və dövlət təhlükəsizliyinin pozulmasına yönəlik bütün təhdidlərə cavab vermək əzmindədir.
Ermənistan və himayədarları daha çox Qarabağda qanunsuz yerləşdirdikləri erməni silahlı
birləşmələrinin ordumuz tərəfindən çıxarılmasından, eyni zamanda separatçıların tərksilah
olunmasından narahatdılar.
Prezident İlham Əliyev özü də hər çıxışında vurğulayır ki, – “Azərbaycan-Ermənistan
sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları
çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib… Məqsəd hərəkətin
məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş
həyata keçirilir… Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının
Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin
olunacaqdır”. Ölkə başçımızın bu söylədikləri Ermənistanı qane etmirsə, bu artıq onların öz
problemidir. Azərbaycan öz siyasətini hansısa erməni rəhbərlərinin, hansısa erməniyönümlü
himayədarın maraqları çərçivəsində yürütmək fikrində deyil”.
Bu gün Azərbaycan elə bir uğurlara imza atır ki, artıq Ermənistan öz çirkin niyyətləri ilə onun
üzərinə kölgə sala bilməz. Cəhdlər edəcək, amma boş çıxacaq. Çünki Azərbaycan əldə etdiyi uğurlarla,
qələbə ilə kifayətlənməyəcək, daha güclü dövlətə çevrilmək üçün bütün gücünü ortaya qoyacaq. 44
günlük Vətən müharibəsindən sonra biz ancaq hərbi-siyasi qələbəmizin sevinci ilə geri aldığımız
torpaqlarımızda quruculuq işlərimizi aparırıq, insanlarımız öz yurd-yuvalarına qayıdır, Qarabağa isti
nəfəs gəlir. Bir sözlə bu sevincimizi, böyük qələbəmizi itirmək fikrində deyilik. Əksinə, cənab
Prezidentimizin qətiyyətli addımları ilə daha böyük uğurlara doğru irəliləyirik.
Səfa Şirinov,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi


14:22 29.08.2023