

Tarixi zəfərdən sonrakı post-müharibə dövründə dünya regionda yaranan yeni tarixi mərhələyə
şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi.
Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-
mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni
layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-
infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və
şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur, kommunikasiya xətləri
çəkilir.
Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni
reallıqlarla barışmayan Ermənistan və onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq
ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər.
İmzaladıqları və təslimçilik – kapitulyasiya aktı kimi qəbul edilən 10 noyabr 2020-ci il tarixli
üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edirlər.
Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar
məqsədli “Laçın” dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər.
Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq
daha ciddi tədbirlər görməsini zəruri etdi. Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan
sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi
quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da
Azərbaycan sərhədlərinin bütövlüyü tam təmin olundu. Beləliklə, xalqımız ölkə sərhədlərinin
toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi.
Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan
İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi
xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.
Bütün çirkin iftiralara rəğmən, ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini
qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki
istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin etməkdədir.
Azərbaycan hər zaman olduğu kimi, ədalətin tərəfdarı olmaqla bundan sonra da qətiyyətli
şəkildə öz haqlı mübarizəsini davam etdirəcəkdir.
Qənimət Səmədov,
Sabirabad rayon Qaz xidmət sahəsinin rəisi