isaznow.com
Az Iw En Ru

“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır

2023-cü il aprelin 23-də Laçın rayonuda, Həkəri çayının üzərində Azərbaycanın suverenliyini
və təhlükəsizliyini təmin edən və İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin
təcəssümü kimi dəyərləndirilən “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Azərbaycan-Ermənistan
sərhədində ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən bu məntəqənin yaradılması ilə Azərbaycan
sərhədlərinin bütövlüyü təmin olundu.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin
yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin
çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların
növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin
və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə
də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır,
ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.
Məntəqənin yaradılması ilə Ermənistan və onun xarici havadarlarının beynəlxalq aləmdə hay-
küy salıb, Qarabağda yaşayan ermənilərin blokadada qalması, ərzağa, dərmana və digər tələbat
mallarına ehtiyacları olması ilə bağlı kompaniyalar aparır. Lakin sevindirrici haldır ki, Azərbaycanın
mövqeyi əksər ölkələr tərəfindən dəstəklənib və Ermənistan beynəlxalq səviyyədə növbəti dəfə ifşa
edilib.
Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-
buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək,
Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.
Faktlara nəzər salsaq görərik ki, təkcə avqustun 21-də “Laçın” sərhəd-buraxılış məntəqəsindən
Xankəndi-Gorus istiqamətində 60-a yaxın erməni keçib, bu hal hər gün davam edir. Müalicə və digər
məqsədlərdən ötrü insanlar rahat şəkildə sərhəddən keçir. Bu da erməni yalanlarını ifşa edir.
Qeyd etmək lazımdır ki, dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları
hesab edir. Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdırlar,
Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması önəmlidir. Məqsəd bu
ərazidə yaşayan dinc erməniləri cəmiyyətimizə inteqrasiya etmək, onların Azərbaycan qanunları
əsasında yaşamasıdır. Dövlətimizin başçısının bəyan etdiyi kimi, əgər kimsə Azərbaycanın tərkibində
yaşamaq istəmirsə, yol açıqdır, hara istəsələr, gedə bilərlər.
Qarabağda yaşayan erməni sakinlər separatçı rejimin əlində alət olmamalıdırlar. Onların
Azərbaycan cəmiyyətinə inteqrasiyası zəruridir. Azərbaycan müxtəlif səviyyələrdə daim bəyan edib ki,
burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala
bilərlər. Bu şərti qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır,
gedib harada istəsələr, yaşasınlar. Bu, dövlətimizin prinsipial mövqeyidir. Ona görə də, ölkəmizdə
müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni sakinlərimiz
öz gələcəkləri barədə qərar verməlidirlər.
Nazim Sultanov,
Sabirabad RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi
üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu


18:20 28.08.2023