

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti gənclərimizin
hərtərəfli inkişafında, onların xoşbəxt və firavan gələcəyinin təmin edilməsində və vətənə layiqli övlad
kimi yetişməsində müstəsna rol oynayır. Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə
arxalanaraq ona böyük ümidlər bəsləyirdi. Bu səbəbdən Ulu Öndər gənclərlə bağlı dövlət siyasətinin
uğurla həyata keçirilməsinə xüsusi önəm verirdi və adıçəkilən sahənin tənzimlənməsi üçün vacib olan
qanunvericilik bazasının yaradılmasını təmin etmişdi. Heydər Əliyevin 1997-ci il fevralın 2-də
imzaladığı Fərmanla Azərbaycan Gəncləri Gününün təsis edilməsi gənclərə verilən ali dəyərin bariz
nümunəsidir. Zaman dəyişsə, həmin tarixi dövrdən uzun illər keçsə də, gənclərə verilən ali dəyər,
göstərilən diqqət və qayğı dəyişməyib. Bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq bütün sahələr inkişaf edir. Sevindirici
haldır ki, gənclər sektoru inkişafda olan və daim diqqətdə saxlanılan sahələr arasında daim ön
sıralardadır. Son illərdə ölkəmizdə aparılan kadr islahatlarında gənclərin dövlət strukturlarında məsul
vəzifələrə təyin edilməsi gəncliyə etimadın və diqqətin göstəricisidir. Prezident İlham Əliyevin gənclərlə
çoxsaylı görüşləri, onların diqqət və qayğıları ilə maraqlanması dövlətimizin başçısının ölkə gəncliyinə
diqqət və qayğısının təzahürüdür. Bütün bunlar Azərbaycan gənclərinə göstərilən ali etimadın və
sevginin göstəricisi olmaqla yanaşı, onları ölkəmizin inkişafı yolunda durmadan çalışmağa sövq edən
boyük motivasiya mənbəyidir.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu
meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir,
ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir Hər bir
dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Cənab İlham Əliyev
gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi
sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi
Dövlət Proqramı"nı (2005-2009-cu illər) təsdiq etdi ki, bu da gənclərə dövlət qayğısının artırılmasını
təmin edirdi. Həmin sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri öz əksini
tapmışdır. Bu istiqamətlər tamamilə xalqımızın milli mənafelərinin inkişafına yönəldilərək gəncləri
ideya müəllifi olmağa səsləyirdi. Yəni, hər bir gənc fərdi qaydada özünü idarəçi kimi yetişdirməli, daim
təşəbbüskarlıq göstərməlidir.
Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa
miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq
səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu
haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da gənclərdir. Hər zaman adlarını fəxrlə çəkdiyimiz
Mübariz, Fərid, Murad, Samid, Xudayar, kimi qəhrəmanlar bu gün Azərbaycanımızda yüzlərlə,
minlərlədir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin ətrafında
dəmir yumruq kimi birləşərək əldə etdiyi Zəfər tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali
Baş Komandanın liderliyi ilə rəşadətli ordumuzun sıralarında gənclərimizin böyük rəşadət göstərərək
tarix yazması Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin təsdiqidir. Gənclərin
milli ruhda tərbiyəsində, onlara Vətən sevgisinin aşılanmasında ən mühüm amillərdən biri də ölkəmizdə
uzun illərdir uğurla həyata keçirilən dövlət gənclər siyasətidir. Gənclərimizin Vətən müharibəsində
döyüş meydanında göstərdiyi şücaətin məntiqi davamı olaraq hazırda diplomatiya müstəvisində və
durmadan davam edən informasiya müharibəsində də onlar yüksək intellekt və bacarıq nümayiş
etdirirlər. Azərbaycan gəncliyi hər zaman uca zirvələr fəth etməyə qadirdir.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru