isaznow.com
Az Iw En Ru

İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyət

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri edib. Məlum
olduğu kimi Şavkat Mirziyoyev ötən ay Özbəkistanda keçirilən  prezident seçkilərində xalqın növbəti
dəfə etimadını qazanaraq yenidən  Prezident seçildi. Bu səfərin özəlliyi ondadır ki,  cənab Şavkat
Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini məhz  Azərbaycana etdi. Prezident İlham Əliyev və
onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi
olaraq diqqətə çatdırdılar ki,  Azərbaycan və Özbəkistan  iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət
başçılarının şəxsi münasibətləri əlaqələrin  yeni mərhələyə yüksəlməsini şərtləndirir.
İki dost ölkənin prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərinə yönəldərək
bildirib ki, səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd  əlaqələrin gələcək
inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və
Özbəkistan  Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları  “Azərbaycan Respublikasının və
Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi
qeyd etmək istərdik. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün
yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin  kifayət qədər zənginliyini
nümayiş etdirir. Bu mühüm məqam da daim önə çəkilir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz
“Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daşkənd və Bakı
şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması,  paytaxt Bakının
 küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və
özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi
qeyd edilir.  Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Füzuli rayonuna gəlməsi, məhz
özünün təşəbbüsü ilə  Füzulidə inşa olunan və  Mirzə Uluqbəyin adını daşıyan  1 nömrəli tam orta
məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın
uğurlu gələcəyinin əyani təsdiqlərindəndir.
Sahil İmanov,
Sabirabad rayonu Bulduq kənd tam orta məktəbinin direktoru


16:28 25.08.2023