isaznow.com
Az Iw En Ru

Azərbaycan-Özbəkistan strateji işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri yerli və beynəlxalq
medianın diqqətindədir. Səfərin tarixi, dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlər və
mühüm sənədlərin imzalanması müxtəlif rakurslardan təhlil edilir. Bu xüsusda bir neçə məqama xüsusi
diqqət yetirmək lazımdır:
Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə, ikitərəfli və
çoxşaxəli münasibətlərin genişləndirilməsinə xidmət edən təmasların baş tutması Cənubi Qafqazda
yeni geostrateji reallıqların, Avrasiyada isə yeni beynəlxalq nizamın yaranması ərəfəsində xüsusi önəm
daşıyır;
İki dost, qardaş və tərəfdaş ölkə arasında qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə aydın
fikirlərin ifadə edilməsi, strateji yol xəritəsinin müəyyənləşdirilməsi yeni mərhələdə qarşıda duran
hədəflərin və ortaq prioritetlərin reallaşdırılmasına etibarlı zəmin yaradır;
Qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin qlobal arenada, beynəlxalq
təşkilatlar səviyyəsində milli maraqlara dair bütün məsələlərdə bir-birini dəstəkləməsi baxımından
vacib və əhəmiyyətlidir;
Yeni mərhələdə Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi Türk dünyasında
inteqrasiyanın sürətləndirilməsi üçün faydalıdır. Məlumdur ki, iki ölkə Türk dünyasında mühüm söz və
nüfuz sahibidirlər, geniş təsir imkanlarına malikdirlər. Tərəflərin münasibətlərinin inkişafı təkcə iki
ölkə deyil, türkdilli ölkələrin mövcud olduğu coğrafiyada geosiyasi və geoiqtisadi təşkilatlanmanın
gücləndirilməsi, yeni güc mərkəzinin yaradılması üçün olduqca əhəmiyyətlidir. Xüsusilə də, 44 günlük
müharibədə Qələbə qazanan Azərbaycanın geostrateji reallıqlar yaratması - yeni əməkdaşlıq
imkanlarının, işbirliyi platformalarının reallaşdırılması Türk dünyasına yönəlik perspektivlərin
yaranması deməkdir. Nəqliyyat-kommunikasiya sahəsində layihələrin reallaşdırılması isə bu xüsusda
önəmli siyasi və iqtisadi dividendlər vəd edir. Avrasiyada geniş coğrafiyanı əhatə edən, Asiya ilə
Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq Zəngəzur nəqliyyat dəhlizinin
gerçəkləşdirilməsi isə regional əməkdaşlıq və beynəlxalq inteqrasiyanı sürətləndirəcək;
Azərbaycan-Özbəkistan strateji işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Xüsusilə də, səfər
çərçivəsində 20 sənədin imzalanması energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar
məsələlər və digər istiqamətlərdə yeni uğurlar qazanılmasına zəmin yaradır. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, görüşlər və danışıqlar münasibətlərinin inkişafının gələcəyini müəyyən etdi. Artıq
əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir.
Dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı diqqətəlayiq və maraqlı bir məqamın
növbəti dəfə şahidi olduq. Bu, tarixin təkrarı və ya reallığın daha bir təsdiqi idi. Şavkat Mirziyoyev
qeyd etdi ki, “İlham Heydər oğlu, Sizə səmimiyyətlə demək istəyirəm, Azərbaycan dilində danışanda
mən Sizi çox gözəl başa düşürəm. Mən Zirvə toplantılarında özbək dilində çıxış edəndə İlham Heydər
oğlu da mənə deyir: “Mən Sizi tam başa düşürəm”. Beləliklə, bu, çox şey deməkdir, biz bunu bilməli,
qiymətləndirməli, sevməli və təbliğ etməliyik”.
22 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olarkən
maraqlı və önəmli bir fikir söyləmişdi: “Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən
anladım, tərcüməçiyə ehtiyac qalmadı”. Bu, Azərbaycan Prezidentinin Daşkənddən Türk dünyasına (və
dünyaya) xitabən tarixi, mədəni, mənəvi və siyasi məzmuna malik net – çağırış və bəyanat xarakterli
mühüm, dəqiq və konkret mesajı idi. Mesajın məzmunu ondan ibarət idi ki, türk dövlətləri bütün
məsələlərdə anlaşa, birlikdə hərəkət edə və hədəflərinə nail ola bilirlər. Ona görə də hər hansı
tərcüməçiyə (vasitəçiyə) və tərcüməyə (kənar müdaxiləyə, təsirə) lüzum və yer yoxdur. “Tərcüməçiyə
ehtiyac yoxdur” fikri türk dövlətləri prizmasından həm günümüzün reallıqlarını, həm də uzaq hədəfləri
əks etdirir.  Bu, Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamına praktik məzmun verən, bir millətin
bir neçə dövlətinin münasibətlərini, ortaq dəyərlərini, siyasi iradəsini, strateji düşüncəsini və gələcəyə
baxışını tərənnüm edən mükəmməl ifadədir. Ulu Öndərin məlum deyimi Azərbaycan ilə Türkiyənin
könül birliyinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin bəhs olunan fikri isə türk dövlətlərinin həm
mədəni, həm də mənəvi-siyasi bağlılığının məğzi, leytmotividir desək, yanılmarıq. Cənab İlham
Əliyevin bir ifadəsi təkcə günün, gündəmin sözü deyil, qarşıdakı onilliklərin bəyanatı, Türk Dövlətləri
Təşkilatının söz ilə çəkilmiş mənəvi-siyasi yol xəritəsidir.
Elburus Məmmədbəyov,
“Azərpambıq ASK” MMC-nin Sabirabad rayon filialının direktoru


20:25 24.08.2023