isaznow.com
Az Iw En Ru

Ermənistanın diplomatik masada növbəti məğlubiyyəti

Ermənistanın, separatçıların və erməni lobbisinin beynəlxalq ictimaiyyəti aldatma cəhdləri
növbəti dəfə  puç oldu. Son günlərdə Erməni lobbisinin maliyyə dəstəyi ilə bəzi xarici media
qurumlarında Azərbaycanın yaratdığı “blokada” və “soyqırımı” təhlükəsi ilə bağlı yazılar tirajlanırdı.
Ermənilər məzlum xalq obrazı yaradaraq, ictimaiyyət və beynəlxalq təşkilatlar üçün rəy
formalaşdırmağa çalışdılar. Amma məsələ budur ki, artıq 1990-cı illər deyil. İndi dünyaya
informasiyanı, mövcud reallıqları müxtəlif formalarda çatdırmaq və göstərmək imkanları var. Əvvəllər
erməni yalanlarını dünyaya çatdırmaq gücümüz və imkanımız olmasa da, indi həm diplomatik, həm də
texniki göstəricilərimiz kifayət qədərdir. Azərbaycan regionda baş verən hadisələri izləyəcək texniki
qurğulara və eyni zamanda, bu məlumatları çatdıra biləcək gücə sahibdir.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında ermənilər və onların havadarlarının
növbəti şou yaratmaq cəhdi uğursuzluqla nəticələndi və  Ermənistan bu dəfə də diplomatik masada şok
yaşadı. Ermənistanın xarici işlər nazirinin ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirlər
marionet ölkənin növbəti beynəlxalq fiaskosu ilə yadda qaldı.
Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində Ermənistanın
xarici işlər naziri Ararat Mirzoyan ölkəmizi “humanitar fəlakət” yaratmaqda və bunun fonunda
Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan
ittihamları səsləndirdi.  Mirzoyanın TŞ-nın tribunasındakı çıxışı tam böhtan və yalan üzərində
qurulmuşdu. Sonrası “humanitar fəlakət” Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, əsl
humanitar fəlakət Ermənistanın bütün ərazisində yaşanır. İşsizlik, əhalinin sosial durumunun acınacaqlı
olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması fəlakət deyilmi? Statistika
da vəziyyətin dəhşətli olduğunu göstərir, vətəndaşlar ölkədə hökm sürən bu ağır durumla əlaqədar
Ermənistanı kütləvi şəkildə tərk edirlər və bu proses hazırda daha geniş miqyas alıb.
Ermənistanın sülh gündəliyinə sadiq olmaması və beynəlxalq tribunalarda Azərbaycanı şantaj
etməyə çalışması BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə daha qabarıq görünürdü.
Azərbaycan tərəfinin tutarlı və dəqiq arqumentləri Ermənistanın “humanitar böhran”, “blokada” kimi
növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı.
Azərbaycan beynəlxalq hüququn, BMT Nizamnaməsinin verdiyi imkanlardan istifadə edərək
2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi. Bütün bunlar da
onu göstərir ki, ədalət, beynəlxalq hüquq güclə təmin olunur. Bu gün regionda Azərbaycan siyasi,
iqtisadi və hərbi gücə malikdir. Azərbaycan dövləti və xalqı bütün dünyaya sübut etdi ki, ərazisində
separatizmin davam etməsinə imkan verməyəcək. Dövlətimiz bütün bu imkanlara malik olmasına
baxmayaraq, regionda sülhün yaranmasında, çoxillik münaqişənin bitməsində maraqlıdır. Ona görə
sülh danışıqlarını davam etdirir və ərazisində yaşayan erməni əsilli şəxslərin reinteqrasiyasına çalışır.
Ermənistanın “humanitar” şousunun əksinə olaraq, erməni əsilli şəxslərin ehtiyaclarını təmin etməyə
hazır olduğunu bildirir. Amma təəssüflər olsun ki, qarşı tərəf yenə yalan və saxta ittihamlarla çıxış
edərək ölkəmizə qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Ərazimizdə separatizmin davam
etməsində maraqlı olan Fransa, Rusiya və İranın dəstəyi ilə ermənilər yenidən təşkilatlanaraq,
münaqişəni alovlandırmağa nail olmaq istəyirlər. Amma anlamırlar ki, daha hay-küy salmaqla reallığı
dəyişə, diplomatiyanı və hərbi gücü üstələyə bilməzlər. Laçın dövlət sərhədindən buraxılış məntəqəsi
qurmaq, orada keçid rejimi müəyyən etmək və tənzimləmək Azərbaycanın müstəsna hüququdur. Buna
görə də dövlətimiz kimdənsə icazə almayaraq tədbirlər görməyə davam edir. Azərbaycanın
Ermənistandan gələn yüklərin və nəqliyyat vasitələrinin haradan keçməsinə icazə verməsini kimləsə
müzakirə etmək fikri yoxdur.
BMT Təhlükəsizlik Şurasının iclasında Laçın-Xankəndi yolunun “bağlanması”ndan sonra
yaranmış “humanitar böhran”la bağlı müzakirələrdə Ermənistan növbəti dəfə məğlub oldu və
müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. Beləliklə, Vətən müharibəsində olduğu
kimi, diplomatik masada da qalib Prezident İlham Əliyevin lideri olduğu Azərbaycandır. Prezident
İlham Əliyevin beynəlxalq münasibətlər sistemində yürütdüyü mükəmməl siyasi kurs ölkəmizin
diplomatik uğurunun təminatına çevrilib. Bu təminatla Azərbaycanın beynəlxalq aləmdə üstün
mövqeyi ilə seçilir, ölkəmizin qlobal nüfuzu gündən-günə artır.
Vusal Ağazadə,
Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin təsərrüfat müdiri, Sabirabad rayon sakini


17:35 21.08.2023