isaznow.com
Az Iw En Ru

BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti

Ermənistan və arxasında duran bəzi siyasi yengələr bu dəfə də ağır diplomatik məğlubiyyətə
uğradılar.
30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına
açıq-aşkar məhəl qoymayan Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək torpaqlarını işğal altında
saxlayan, bütün mədəni-tarixi abidələri vandalcasına dağıdan Ermənistan  qətnamələrini diqqətə
almadığı beynəlxalq qurumdan yardım diləyir. O yardım ki, əslində “humanitar” adı altında yenidən
bölgəyə silah-sursat soxmağa cəhddən başqa bir şey deyildir.
Məlumdur ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı
təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya
blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT TŞ-nin
16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar
tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi
məğlubiyyətə uğradı. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı
qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda
məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. Hamı başa düşür ki, Azərbaycan beynəlxalq hüququn
heç bir müddəalarını pozmamışdır. Yalnız öz suveren ərazisində qayda-qanun yaratmaq nə vaxtdan
genosid olduğunu ermənilər düşünə və uydura bilərlər. Bunu da Azərbaycan diplomatiyası fakt və
dəlillərlə dünya ictimaiyyətinə çatdırdı. Qeyd edək ki, bu diplomatik qələbənin əsasını Azərbaycan
Respublikasının Prezidenti cənab ilham Əliyevin yürütdüyü uğurlu xarici siyasət təşkil edir.
Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər
qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi,
beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və
tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön
planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi.
Konkret olaraq Ermənistanın BMT-yə Qarabağda humanitar böhran iddialı müraciətinə əsasən
avqustun 16-da bu qurumun Təhlükəsizlik Şurasında keçirilmiş müzakirənin nəticəsini hərbi
məğlubiyyətdən də ağır məğlubiyyət kimi qiymətləndirmək olar.  Bəli, nəinki İrəvanın, eləcə də
xaricdəki ermənipərəst qüvvələrin gözləntiləri puç oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın
Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz
qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha
hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endi.
Ermənistan tərəfinin manipulyasiyalarına aldanmamaqla BMT TŞ-sı Qarabağdakı separatçılara,
Ermənistandakı militarist  dairələrə və diaspordakı daşnaklara qəti şəkildə bildirdi ki, müstəqil Artsax
adlı dövlət qurumu olmayacaq.
ABŞ, Türkiyə, Rusiya, Çin, Yaponiya nümayəndələrinin müzakirədəki mövqeyini İrəvan üçün
ciddi siqnal saymaq mümkündür. Bu çıxışlar göstərdi ki, Ermənistanın ətrafında böyük ajiotaj
qaldırdığı Qarabağda humanitar böhran şousuna birmənalı yanaşma yoxdur. Dünyanın aparıcı qütbləri
prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyü prizmasından çıxış edirlər. Hətta, bəzi məqamlarda 
ABŞ və Rusiya nümayəndələrinin nitqlərində İrəvanın yapışa biləcəyi detallar olsa da, Azərbaycanın
qəti mövqeyi ilə hesablaşma var. Türkiyənin münasibəti birbaşa ölkəmizin xeyrinə idisə, digər
dövlətlər təxminən bunu dedilər: biz güclünün haqqını tanıyırıq. Ən pis halda güclünün haqqının
tapdanmasına razı deyilik. Güclü isə Azərbaycandır. Azərbaycan həm də ona görə güclüdür ki, onun
mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.Monoetnik və etnik ayrı-seçkilik siyasəti yürüdən
Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını
əngəlləməkdə əsas motivlərindən biri ölkəmizdə iki xalqın nümayəndələri arasında uğurlu
birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki, Azərbaycan çoxmillətli dövlətdir və milli azlıqlar
arasında heç bir ayrı-seçkilik yoxdur.
Bu diplomatik qələbə bir daha sübut etdi ki, Azərbaycan dövlət kimi bütün beynəlxalq hüquq
normalarına əməl edir. Azərbaycan liderinin həyata keçirdiyi siyasət heç bir dövlətə, xalqa qarşı
yönəkməyib, əksinə regionda sülhə və əmin-amanlığa xidmət edir.
Sübhan Xəlilov,
Sabirabad RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi


14:33 21.08.2023