

“Euronews” telekanalının Azərbaycan və Ermənistan dövlət başçılarından fərqli zamanda və
fərqli məkanlarda aldığı müsahibələri bir format çərçivəsində yayımlaması geniş ictimai marağa səbəb
olub. İlk növbədə, ona görə ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiası səbəbindən üç onillik ərzində
faktiki müharibə vəziyyətində yaşamış və iki müharibədən keçmiş xalqların sülhə nə qədər hazır olması
daha böyük auditoriyada maraq doğurur. “Euronews”-un format seçimi imkan verdi ki, beynəlxalq
ictimaiyyət hər iki dövlət başçısının eyni suallarla bağlı fikrini, problemlərə yanaşma tərzini öyrənə
bilsin. Təşkilati və texniki baxımdan formatlar fərqli olsa da, bu müsahibə 2020-ci ilin fevralında
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan dövlət başçıları arasında
təşkil olunmuş ilk ictimai debatı yada saldı. Vətəndaş təəssübkeşliyini kənara qoyub, bu dəfə də xüsusi
məmnunluq hissi ilə deməliyəm ki, Prezident İlham Əliyevin cavabları həqiqətə və reallıqdan irəli
gələn praqmatik siyasətə söykəndiyinə görə səmimiliyi və obyektivliyi ilə fərqlənirdi. Nikol Paşinyan
isə Münhendə olduğu kimi, bu müsahibədə də ifrat populizmə söykənən, reallıqdan uzaq olan fikirləri
ilə yadda qaldı. Sanki o, erməni cəmiyyətinin qatı revanşist hissəsini və ağır məğlubiyyətdəki şəxsi
iştirak payını nisbətən yumşaltmaq üçün mövcud həqiqətləri populist fikirlərinin arxasında gizlətməyə
çalışırdı.
Ermənistan baş nazirinin bir-birini təkzib edən ziddiyyətli açıqlamaları üzərində geniş
dayanmaq istəməsəm də, ikisi o qədər qabarıq idi ki, onlardan yan keçə bilmədim. Tarixən ermənilərin
dediklərinə və etdiklərinə göz yumduğumuza, onlara güzəşt etdiyimizə görə, qarşı tərəfin sonradan nə
qədər böyük yalanlara müəlliflik etdiyini dərhal sezməkdə çətinlik çəkməli olmuşuq. Ermənistanın
indiki baş naziri, bir tərəfdən, bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, o
biri tərəfdən isə “Dağlıq Qarabağ” ifadəsinə görə ölkəmizin haqlı etirazını qəbul etmədiyini bildirir.
Ermənistan rəhbərliyi ya dərk etmir, ya da dərk etmək istəmir ki, əgər o, ərazi bütövlüyü ilə bağlı
bəyanatında səmimi olsaydı, Azərbaycanın inzibati-ərazi bölgüsü siyasətinə də hörmətlə yanaşmalı idi.
Çünki bu siyasətin özü də istənilən ölkənin süveren hüquqlarının tərkib hissəsidir. N.Paşinyanın
müsahibəsində sağlam məntiqə sığmayan ikinci ziddiyyətli məqam isə bundan ibarətdir: o, bir tərəfdən
deyir ki, ölkəsinin Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur, digər tərəfdən isə, oğlunun və həyat
yoldaşının müharibədə iştirak faktını fəxrlə qeyd edir. Belə çıxır ki, N.Paşinyan müharibədə uduzana
qədər ölkəmizə qarşı ərazi iddiası mövqeyində olub, savaş meydanında “Dəmir Yumruğu” gördükdən
sonra isə bu fikrindən daşınıb. Onun və siyasi komanda üzvlərinin mövqeyində, həqiqətən, ciddi
transformasiya baş vermiş olsaydı, N.Paşinyan ailə üzvlərinin işğalçı müharibədə iştirak etməsi ilə bu
qədər öyünməzdi. Paşinyanın mövqeyində köklü dəyişikliyin baş verdiyinə və ölkəmizə qarşı ərazi
iddiasından birdəfəlik imtina etdiyinə inanmaq həm də ona görə çətindir ki, müharibədən az əvvəl
“Qarabağ Ermənistandır və nöqtə” bəyanatını içtimai şəkildə səsləndirən elə onun özü olub. Əgər
Ermənistanın hökumət başçısı “yeni ərazilər uğrunda yeni müharibə” ilə bağlı hərbi doktrinasından
guya bu cür tezliklə və belə asanlıqla imtina etməyə qadirdirsə, kim təminat verə bilər ki, o, indi
dediyini sabah təkzib etməyəcək? Çünki bunun işartılarını göstərən rüsvayçı təcrübə də mövcuddur.
N.Paşinyan Moskva-Brüssel-Vaşinqton formatında keçirilən hər görüşdən sonra, görüş məkanından
asılı olaraq, öz mövqeyini dəfələrlə dəyişib və əvvəlki bəyanatlarından riyakarcasına imtina edib. Elə
bu cür səbəblərə görə cəmiyyətimizdə haqlı sual yaranır: ona və onlara inanmaq olarmı? Ermənistanın
baş naziri nüfuzlu media platformalarından biri hesab olunan “Euronews“-a müsahibəni erməni dilində
verdi. Ona görə yox ki, o, ingilis dilində danışa bilmir. Münhen Təhlükəsizlik Konfransında
N.Paşinyan “qol-qıçını” sındırsa da, uydurma erməni tarixinin mifik qəhrəmanlarını məhz ingilis
dilində yada salmışdı. “Euronews”a müsahibəsində isə erməni dilinə üstünlük verdi. Çünki N.Paşinyan
daxili auditoriyadan, erməni cəmiyyətindən çox narahatdır və o, öz mesajlarını daha çox onlara
çatdırmaq, onların qulağını “oxşamaqla” üzləşdiyi ictimai qınağı nisbətən yumşaltmaq məqsədini
güdürdü.
Prezident İlham Əliyev isə dünyada “çirkli” informasiya təbliğatının və feyk məlumatların geniş
yayıldığı indiki dövrdə nüfuzlu televiziya kanalının imkanlarından maksimum istifadə etdi.
Dövlətimizin başçısı dünya ictimaiyyətinə regionun reallığını olduğu kimi və böyük çoxluğa daha
yaxın olan ingilis dilində çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanın öz öhdəliklərindən,
o cümlədən Naxçıvan ilə kommunikasiya yaratmaq öhdəliyindən yayınmasına, Laçın yolundan
humanitar niyyətdən uzaq olan məqsədlər üçün istifadə etməsinə baxmayaraq, Azərbaycan beynəlxalq
hüquq normaları əsasında irəli sürdüyü sülh gündəliyinə sadiqdir. Prezident İlham Əliyev birinci Şuşa
Qlobal Media Forumunda səsləndirdiyi fikrini “Euronews“-a müsahibəsində də təsdiq edərək bildirdi
ki, ayrı-ayrı vasitəçilər formatının bir-biri ilə rəqabət aparmasına baxmayaraq, Azərbaycan ədalətli
nəticədə maraqlıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı iştirakçı siyasi mərkəzlərin
diqqətindən yayınmayacaq: “Əslində, prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin
müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir… Əgər
sağlam rəqabət olarsa, onun yalnız yaxşı nəticələri olacaq”.
Dövlətimizin başçısı həm Ermənistan ictimaiyyətinə, həm də Qarabağdakı erməni azlığına
mühüm mesajlar verdi. Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanın ölkəmizə qarşı 30 il ərzində
davam etdirdiyi işğalçılıq siyasətinə, törətdiyi çoxsaylı müharibə cinayətlərinə, tarixən azərbaycanlılara
qarşı apardığı etnik təmizləmələrə və Qarabağda törətdiyi vandallıq aktlarına baxmayaraq, Azərbaycan
Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır. Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin bu
mesajını dünya birliyi də eşitdi və ölkəmizin sülh gündəliyinə sadiq olduğunu bir daha gördü. Bununla
yanaşı, Prezident İlham Əliyevin növbəti mesajı da Ermənistanı və ona havadarlıq edən dairələri ciddi
düşündürməlidir. Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa
bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün
seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa
və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun
tanınmasına əsaslanır.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin
aparıcı məsləhətçisi