

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Ana
dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqət və qayğısı olub. Hələ Sovet dövründə quruluşun müəyyən
təzyiqlərinə, diktələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət
dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir.
Məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən başlayaraq azərbaycançılıq ümummilli ideya
səviyyəsinə yüksəlib, ölkəmizin vətəndaşlarını vahid ideya və məqsəd ətrafında birləşdirən milli ideologiya
formalaşıb. Bu siyasətin məntiqi nəticəsi isə 1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan
dili olması haqqında maddənin yer alması idi. 44 il öncə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi
Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Müstəqillik illərində respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi
tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və
həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və
zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması
məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.
Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da milli dəyərlərimizin ən qiymətlisi və bir
millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm
addımlar atılmışdır.
Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9
avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi
qeyd edilir. Konstitusiyamızın 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu
öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və
“Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət
sənədləridir. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə ölkəmizdə latın
qrafikası tətbiq olunmuşdur.
Ulu Öndərin həyata keçirdiyi dövlət dil siyasəti bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla
həyata keçirilməkdədir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır.
Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və
inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda milli kimliyimizi də gücləndirən əhəmiyyətli amildir.
Bu mənada ölkə rəhbəri bildirmişdir ki, “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici
təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında,
müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə
etməliyik ki, dilimizin saflığını daim qoruyaq.”
Prezident cənab İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin
daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə
dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş
tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət
qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına,
daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə
özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan
dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət Fərmanıdır.
Prezidentin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından
göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır.
Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin
intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış
dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.
Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və
ənənələrini unutmamalı, onları təbliğ etməlidir.
Hər bir millətin, hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Azərbaycan dili də Azərbaycan xalqının milli
sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə
ötürməlidirlər.
Vüsal Talıblı,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru