

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir ki,
Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük
nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir. Ümummilli
Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq, görərik ki, tariximizin, milli-mənəvi
dəyərlərimizin, dilimizin inkişafı və qorunması prioritet məsələlər sırasında olub.
Bu reallıq da hər zaman xüsusi qeyd edilməlidir ki, ulu öndər Heydər Əliyevin 1970-1980-cı
illərdə milli dil sahəsində apardığı siyasət Azərbaycanda milli dirçəlişin, milli şüurun inkişafı prosesini
sürətləndirdi. Məhz Ümummilli Liderin qətiyyəti sayəsində Azərbaycanın 1978-ci ildə qəbul olunan
Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilmişdi.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən, ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinin qorunması, inkişaf
etdirilməsi qarşıda dayanan əsas vəzifələrdən idi. Dahi şəxsiyyət gənclərə çağırışlarında hər zaman bu
fikri önə çəkirdi ki, millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-
ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində
ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz.
Bunların hamısı bir-birinə bağlıdır.
Göründüyü kimi, dil hər bir xalqın tanınmasında, təqdimatında əsas amildir. Ulu öndər Heydər
Əliyev gənclərə bu çağırışı da edirdi ki, Azərbaycan dilini yaxşı öyrənməli, yad ünsürlərdən
qorumalıyıq. Ümummilli Liderin 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” Fərmanı dilimizin inkişafına xidmət edən mühüm addımların atılmasını şərtləndirdi.
Həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi
ilə bağlı 9 avqust 2001-ci il tarixli Fərmanı tarixi hadisə kimi dəyərləndirildi. Ümummilli Lider Heydər
Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi.
Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların
tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. 2002-
ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edildi. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz
müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi
qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə
ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam
etdirən Prezident İlham Əliyev dilimizin inkişafına yönələn addımları ilə də diqqətdədir. Belə ki,
Prezident İlham Əliyev tərəfindən 2004-cü ildə imzalanan “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə
çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında”, eləcə də 2007-ci ildə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində
nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlarla ana dilinin
həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Dövlət başçısının 2018-ci il noyabrın 1-də
imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət
mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Azərbaycan dilinin saflığının qorunmasını və dövlət
dilindən istifadənin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə imzalanan sənəddə hədəfə nail
olmaq üçün görüləcək tədbirlər öz əksini tapıb.
Dilimizi sevək və sevdirək. Artıq Azərbaycanımızın həyatında yeni bir mərhələ başlayıb. Tarixi
Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar hər bir sahədə təkmilləşməni bir zərurətə çevirir.
Azərbaycan xalqının tarixinə sahib çıxan, milli-mənəvi dəyərlərini, dilini qoruyan, inkişaf etdirən,
böyük hörmətlə yanaşan bir xalq olduğunu dünyaya nümayiş etdirdik.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru