

Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana
dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır.
Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
çox böyük xidmətləri olmuşdur. Bildiyimiz kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev
Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlamışdır. Azərbaycan ədəbi və xalq danışıq dilini
dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı
sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda
və müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O
çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi,
danışdığı dilə - Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.
Ulu Öndər Heydər Əliyev ana dilinin dövlət dili olması uğrunda daim mübarizə aparmış və bu
məqsədinə nail olmuşdur. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər
Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil
dövlətçiliyin milli atributlarından birini məharətlə qorumuşdur. Bundan sonra isə ana dilimizin inkişafı
və qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Ümummilli
lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində də müxtəlif vasitələrdən
istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən
kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi
daşıyırdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hakimiyyətə gələn naşı və səriştəsiz şəxslərin
idarəetmədəki təcrübəsizliyi müstəqilliyimizi uçuruma aparır, ölkəni məhvə sürükləyirdi. AXC-
Müsavat hakimiyyəti dövründə bu uçurum özünü daha qabarıq şəkildə büruzə vermişdir. Onlar heç bir
məntiqi əsasa söykənmədən dövlət dilinin adının dəyişdirilməsini və “türk dili” adlandırılmasını təklif
edirdilər.
Uzun mübahisələrdən sonra AXC-Müsavat hakimiyyəti xalqın rəyini nəzərə almadan,
referendum keçirmədən 1992-ci ilin dekabrında “Dövlət dili haqqında” Qanunu “müzakirə” edərək
Azərbaycanda dövlət dilinin “Türk dili” olması barədə qərar qəbul etmişdir. Hətta təcili olaraq ana dili
dərsliklərini “Türk dili” adlı dərsliklərlə əvəzləyərək çapını da həyata keçirmişdir. Dövlət idarəçiliyində
zəngin təcrübəsi olan Ulu Öndər Heydər Əliyev sonralar bu məsələyə münasibət bildirərkən Milli
Məclisin qəbul etdiyi bu qərarı kəskin pisləyərək demişdi: “Bu böyüklükdə tarixi bir qərar Azərbaycan
xalqının iradəsi nəzərə alınmadan 26 nəfər tərəfindən qəbul olunubdur. Burada da böyük bir səhv
buraxılıbdır”. Xalqın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər
Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin,
milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və
inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider ana dilimizin - Azərbaycan dilinin
adını özümüzə qaytarmışdır. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi,
diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider
Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti
uğurla davam etdirilir.
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi