isaznow.com
Az Iw En Ru

Dil millətin simasını səciyyələndirən amillərdən biridir

Ümummilli Liderimiz  Heydər  Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli
sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən  biridir. Buna görə də hər bir xalqın ana dili onun
qürur mənbəyidir.  Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi
müqəddəsdir.
Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub 
getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim
abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi,  Şah İsmayıl Xətai,  Məhəmməd Füzuli, Molla Pənah
Vaqif,  Mirzə Fətəli Axundzadə,  Səməd Vurğun kimi dahi  yazıçılarımızın yaradıcılığı dilimizin
zənginliyinə sübutdur.
1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi
daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə
Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox
cəsarətlə, qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin
Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin
yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə
73-cü maddənin  “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”
redaksiyada vermək təklif olundu və Heydər Əliyevin bu  təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul
olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun
verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu
Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır.
Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır. 1995-ci il noyabrın
12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini
tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan
dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan
dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət
yetirilməsi məsələləri öz əksini tapdı.
Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərə baxmayaraq
müstəqil dövlətimiz dilimizin  saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr görür.
Dövlətimizlə yanaşı  biz də dilimizin saflığını qoruyub saxlamalıyıq.  Müasir dövrümüzdə sosial
şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda  və dövlət idarələrində
dilimizdən istifadə edərkən,  həmçinin  dilimizin saflığının qorunması da düşündürücü  məqamlardan 
biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə
etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı
göstərməli, onu sevməli və qorumalıyıq.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


20:59 01.08.2023