isaznow.com
Az Iw En Ru

Azərbaycan-Çin münasibətlərinin daha da genişlənməsi, hər iki tərəfin maraqlarına cavab verəcək səviyyəyə yüksəlməsi üçün hər cür potensial var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin “China Media Group” media
korporasiyasına geniş müsahibə verib. Dövlətimizin başçısının bu müsahibəsi iyulun 22-də “China Global
Television Network” televiziya kanalında yayımlanıb və çox maraqla qarşılanıb.
İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı nəqliyyat
məsələlərini xüsusilə qeyd edib. Bildirib ki, Azərbaycan 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə
qoyuluşuna başlayıb. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Ölkəmiz mühüm
tranzit ölkəsi olmaq arzusundadır, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. əsas məsələ qonşularla yaxşı
münasibətlərin olmasıdır. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyildir. Ona görə
də bu illər ərzində Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha
güclü münasibətlər qurmaq idi.
Cənab Prezidentin qeyd etdiyi kimi “Bir kəmər, bir yol” layihəsinə qoşularkən ölkəmizin artıq hazır
infrastrukturu var idi. İndi isə texniki imkanlar artırılır. Azərbaycan öz ticarət limanını sürətlə genişləndirir,
çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bir neçə
il əvvəl Ələtdə dəniz ticarət limanı istifadəyə verilib. Onun yükaşırma qabiliyyəti 15 milyon ton idi və hazırda
isə onun imkanları 25 milyon tona qədər çatdırılır.
Ölkəmizin gəmiqayırma zavodları hazırda Xəzər dənizində daha çox gəmi istehsal edir. Xəzəryanı
dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker
və yük gəmiləri inşa edirik. Bu gələcəkdə yükdaşımaları artırmağa imkan verəcəkdir. Hazırda gəmiqayırma
zavodunun genişləndirilməsi planlaşdırılır ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edilsin. Bu gün həm Azərbaycanda,
həm də Xəzər dənizində buna tələbat artmaqdadır.
Hazırda Azərbaycanda qatarların sürətinin artırılması və daha çox yüklərin nəql edilməsi üçün mövcud
dəmir yolu müasirləşdirilir. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.
Bu gün Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Daşınmaların həcminin artırılması məqsədi
ilə çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal iş aparılır. Bu
gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Yükdaşımaların
artırılması üçün tariflərlə bağlı vahid siyasət yaradılır, Gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı
əlaqələndirmə qurulur. Gələcəkdə Azərbaycan və Çin arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox
yüklərin daşınmasında vacib rol oynayacaqdır.
Çinli jurnalist maraqlı faktlarla bölüşdü, bidirdi ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta
hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars
dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir.
Bunu təsdiqləyən Prezident İlham Əliyev bildirdi ki, “Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə
Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur.
2017-ci ildə Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki,
prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr
yatırdıq. Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin
marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək”.
Ölkəmiz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi
üzərində çox fəal şəkildə çalışır. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb.
Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur
dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda,
Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək.
Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da
vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya
olacaq. AZərbaycan dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırır və sadəcə, tranzit ölkə
olmaq istəmir. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir gətirəcəkdir.
Həmçinin Azərbaycanda böyük sənaye zonaları yaradılması nəzərdə tutulub. Artıq fəaliyyətə başlamış
Ələt Azad İqtisadi Zonasında istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Belə
bir fürsəti qaçırmaq olmaz.
Zülfəli Musayev,
Sabirabad RİH başçısının Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


17:34 27.07.2023