

Azərbaycan və Çinin iştirak etdiyi regional və beynəlxalq əməkdaşlıq daha da güclənir. Prezident İlham
Əliyev Çinin “China Global Television Network” televiziya kanalına müsahibəsində iki dost dövlət arasında
münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı nəqliyyat məsələlərini xüsusilə qeyd edib. Bildirib
ki, Azərbaycan 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlayıb. Eyni zamanda,
qonşularımızla da bağlantı körpüləri qurmağa başladıq. Ölkəmiz mühüm tranzit ölkəsi olmaq arzusundadır,
ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. əsas məsələ qonşularla yaxşı münasibətlərin olmasıdır.
Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyildir. Ona görə də bu illər ərzində
Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər
qurmaq idi.
Cənab Prezidentin qeyd etdiyi kimi “Bir kəmər, bir yol” layihəsinə qoşularkən ölkəmizin artıq hazır
infrastrukturu var idi. İndi isə texniki imkanlar artırılır. Azərbaycan öz ticarət limanını sürətlə genişləndirir,
çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bir neçə
il əvvəl Ələtdə dəniz ticarət limanı istifadəyə verilib. Onun yükaşırma qabiliyyəti 15 milyon ton idi və hazırda
isə onun imkanları 25 milyon tona qədər çatdırılır.
Ölkəmizin gəmiqayırma zavodları hazırda Xəzər dənizində daha çox gəmi istehsal edir. Xəzəryanı
dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker
və yük gəmiləri inşa edirik. Bu gələcəkdə yükdaşımaları artırmağa imkan verəcəkdir. Hazırda gəmiqayırma
zavodunun genişləndirilməsi planlaşdırılır ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edilsin. Bu gün həm Azərbaycanda,
həm də Xəzər dənizində buna tələbat artmaqdadır. Hazırda Azərbaycanda qatarların sürətinin artırılması və daha
çox yüklərin nəql edilməsi üçün mövcud dəmir yolu müasirləşdirilir. Böyük yük axınına daha yaxşı hazır olmaq
üçün çox işlər görülür.
Bu gün Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Daşınmaların həcminin artırılması
məqsədi ilə çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal iş
aparılır. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir.
Yükdaşımaların artırılması üçün tariflərlə bağlı vahid siyasət yaradılır, Gömrük qaydaları sahəsində daha geniş
qarşılıqlı əlaqələndirmə qurulur. Gələcəkdə Azərbaycan və Çin arasındakı münasibətlər Azərbaycan vasitəsilə
daha çox yüklərin daşınmasında vacib rol oynayacaqdır. Çinli jurnalist maraqlı faktlarla bölüşdü, bidirdi ki,
Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir
marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün
çəkir. Bunu təsdiqləyən Prezident İlham Əliyev bildirdi ki, “Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə
Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur.
2017-ci ildə Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki,
prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr
yatırdıq. Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin
marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yüklər daşına biləcək”.
Ölkəmiz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi
üzərində çox fəal şəkildə çalışır. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb.
Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur
dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda,
Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək.
Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da
vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya
olacaq. Azərbaycan dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırır və sadəcə, tranzit ölkə
olmaq istəmir. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir gətirəcəkdir.
Həmçinin Azərbaycanda böyük sənaye zonaları yaradılması nəzərdə tutulub. Artıq fəaliyyətə başlamış
Ələt Azad İqtisadi Zonasında istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Belə
bir fürsəti qaçırmaq olmaz.
Vüsal Talıbov,
Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru