

Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan
Azərbaycan Respublikası Çinlə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr
yaratmağa nail olmuşdur. Bu əlaqələr bu gün də davamlı olaraq həyata keçirilir.
İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da
möhkəmləndirilməsinə xidmət edib. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfərləri ikitərəfli
əlaqələrin inkişafında mühüm rol oynayıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev iyul ayının 22-də “China Global Television Network”
televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən,
Azərbaycan-Çin münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən,
eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq
fəaliyyətindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında Azərbaycanın Çinlə artan
istiqamətdə davam edən əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Prezidentin Çin Televiziyasına
verdiyi müsahibədə səsləndirilən fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. İkitərəfli
münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətləri xüsusi rol oynayır. Çin və
Azərbaycan “Bir kəmər, bir yol layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin
qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş
çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu.
Azərbaycan-Çin əməkdaşlığının davam edən inkişafının hər iki ölkənin xalqlarının mənafeyinə uyğun
həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki
ölkə maraqlıdır. Bizim münasibətlərimiz siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün
təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini ifadə
edib. Təbii ki, Azərbaycan da vahid Çin ideyasını dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən
əməkdaşlığımız genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif kampaniyaları iştirak edirlər. Eyni
zamanda, Çin və Azərbaycan arasında əməkdaşlığın bir konkret təzahür forması var ki, bu da qədim İpək
Yolunun bərpa edilməsi ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.
Hazırda dünyanın dövlətlərarası münasibətlərin balansını qorumaq, xarici siyasət kursunda qarşılıqlı
dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Çoxvektorlu və praqmatik
xarici siyasət kursu həyata keçirən Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb bir regionda yerləşən
Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövqeyini gücləndirmək üçün çox
ağıllı və çevik, eyni zamanda uzaqgörən siyasətin müəllifi kimi qəbul edilməkdədir. Hazırkı mürəkkəb geosiyasi
şəraitdə Şimal-Cənub, Şərq-Qərb, Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiya vektorları
üzrə həmahəngliyi təmin etmək, eyni zamanda regional və qlobal xarakterli proseslərin dərin xarakter aldığı
xəritədə milli maraq və mənafeləri qorumaq olduqca müdriklik və məharət tələb edir. Bu baxımdan Azərbaycan
Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərbin və Şərqin maraq kəsişməsində özünün tarazlı siyasi iradəsini
nümayiş etdirir və bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına
toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi
boşluğu da doldurmaqadadır.
Rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və
beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri,
həm də dünya üçün faydalı təşəbbüskarlıqda bərabər niyyət və məramlarla çıxış edir.
Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsi, Şərq-
Qərb təhlükəszilik və əməkdaşlıq dəhlizinin formalaşmasımda maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq
edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlı
və iradəlidir. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə
sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.
COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə nümayiş etdirərək, bu qlobal bəlaya qarşı mübarizədə
həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin əldə etdiyi peyvəndi ilk ölkələrdən biri kimi Azərbaycana
təqdim etdi.
Beləliklə, hər iki dost ölkədə siyasət və həyat çox oxşardır. Bizim fəlsəfəmiz eynidir və uğurludur.
Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki
ölkənin xalqlarının mənafeylərinə tamamilə uyğun gəlir.
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi