isaznow.com
Az Iw En Ru

Şuşa Qlobal Media Forumunun keçirilməsi tarixi hadisədir

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media
Forumunun açılış mərasimi keçirildi. Forumda Prezident İlham Əliyev çıxış etdi və iştirakçıların
suallarını cavablandırdı.
Məlumdur ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində
və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Foruma 49 ölkədən 150 xarici
qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media
qurumu qatılmışdır. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edirdi.
Hər zaman qeyd etdiyimiz kimi, keçirilən beynəlxalq əhəmiyyətli tədbir həm əhatə etdiyi
mövzu, həm də məkan baxımından xüsusi diqqət çəkir. Nəzərə alsaq ki, Qarabağın tacı, türk
dünyasının mədəniyyət paytaxtı Şuşa müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, bu halda
müxtəlif ölkələri təmsil edən media nümayəndələrinin bu məkanda bir araya gəlməsi, eyni zamanda,
dövlət başçısı İlham Əliyevin Forumda çıxışı və iştirakçıların suallarını cavablandırması olduqca
əhəmiyyətli hadisədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm
platforma olan bu Forumda cənab İlham Əliyev həm ölkə daxilində, həm də xaricində baş verən
hadisələr, dövrün çağırışları, Azərbaycanın hədəfləri, gələcəyi ilə bağlı  faktlara söykənərək ətraflı
məlumat verdi. Şuşa Qlobal Media Forumunda “Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət
paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad
olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Siz buraya gələrkən azad olunmuş ərazilərdən
keçdiniz. Siz Füzuli Hava Limanından Şuşaya elə bir yolla gəlmisiniz ki, biz onu Zəfər yolu
adlandırmışıq. Bu yol nə sovet dövründə, nə də ki, işğal dövründə mövcud deyildi. Bu yol bizim
qəhrəmanlarımızın cəsarəti və ruhu sayəsində açılıbdır” söyləyən dövlət başçısı İlham Əliyev
iştirakçıları maraqlandıran sualları cavablandırarkən ölkəmizlə bağlı təhlükələrin nədən ibarət olmasına
münasibətində bildirdi ki, torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə
görmürük. Dövlət başçısı fikrini əsaslı şəkildə diqqətə çatdırdı. Təbii ki, birinci amil olaraq ölkəmizdə
sabitlik, birlik, həmrəylik mövcuddur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, cəmiyyətdə həmrəyliyin
səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir. Ölkənin iqtisadi inkişafı olduqca təsirlidir. Öz
resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk. Bu baxımdan keçmişdə olan
təhlükə məhz Ermənistan və onun işğalı ilə bağlı idi.
Torpaqlarımız 30 il işğal altında qaldı. Amma xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti,
uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahibinə qayıdacaq. Artıq iki ildən çoxdur ki,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti
sayəsində ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edilib. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-
quruculuq işləri həyata keçirilir.
Cənab İlham Əliyev postmünaqişə dövrünün reallıqları fonunda  bu çağırışı da etdi ki, əlbəttə, 
ayıq olmalıyıq,  keçmişimizi unutmamalıyıq: “Biz unutmamalıyıq ki, qonşularımız tərəfindən
kürəyimizə bıçaq sancıldı, gözlənilmədiyi anda qonşularımız kürəyimizə bıçaq sancdı və o zaman
Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Eyni zamanda, biz unutmamalıyıq
ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistan cəmiyyətinin, hətta
hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu
gizlətmirlər. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq.”
Tarixi Zəfərimizdən sonra hədəflər açıqlanarkən müdafiə gücümüzün artırılması prioritet
məsələ kimi öndə saxlanıldı. Atılan addımlara, eyni zamanda, son iki ildən artıq dövrdə ermənilərin
törətdikləri təxribatların qarşısının rəşadətli Ordumuz tərəfindən dəfələrlə qətiyyətlə alınmasına rəğmən
bu fikri böyük əminliklə qeyd edə bilərik ki, bu gün Azərbaycan Silahlı Qüvvələri daha güclü,
qüdrətlidir. Qlobal Media Forumda “Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür” söyləyən
dövlət başçısı İlham Əliyev bildirdi ki, buna, əlbəttə ki, ehtiyac var: “O da bizim tariximizdən
qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük
ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi
ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan qoşunları dərhal
və qeyd-şərtsiz Azərbaycanın ərazisindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu
gün həmin o tendensiya davam edir.”

Reallıq budur ki, beynəlxalq hüquq işləmir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq hüquq
işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür: “Bunu
deyərkən, əlbəttə, biz gələcəkdə yarana biləcək təhlükələri istisna etməməliyik, çünki dünya və bizim
regionumuz bu gün çətin proqnozlaşdırılır. Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o
qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz həmin təhlükənin öhdəsindən gələ bilirik.”
Qısa təhlil bu fikri böyük əminliklə söyləməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin Şuşa
Qlobal Media Forumundakı çıxışında və iştirakçıların suallarına cavabda səsləndirdiyi hər bir fikir
gələcəyə çağırışdır.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


15:49 26.07.2023