isaznow.com
Az Iw En Ru

Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırdı

“Heydər Əliyev İli” və Azərbaycan Milli Mətbuatının yaranmasının 148 illiyi çərçivəsində iyunun 21-
23-də Şuşada keçirilən Qlobal Media Forumu mətbuat işçilərinə xüsusi diqqət və qayğının nümayişi olmaqla
yanaşı, dünyada və regionda baş verən proseslərə ölkəmizin başçısı tərəfindən münasibət bildirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir. Bu Forumunun Şuşada keçirilməsi təsadüfi deyil. Qafqazın
konservatoriyası sayılan Şuşa Azərbaycanla yanaşı, türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Şuşa sadəcə
mədəniyyət beşiyi deyil, o, həmçinin Azərbaycanın tarixi Zəfərinin təntənəsinə, simvoluna çevrilib. Bu
baxımdan Qlobal Media Forumunun Şuşada keçirilməsi Azərbaycanın tarixinin, mədəniyyətinin, eləcə də şanlı
Zəfərinin və genişmiqyaslı bərpa-quruculuq işlərinin dünyada təbliğ olunması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi,
12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin 60 yerli media qurumunun rəhbəri və nümayəndəsi
iştirak edib. Azərbaycanın şanlı Zəfərinin zirvəsi olan Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, mühüm siyasi
diskussiyaların aparıldığı mədəniyyət mərkəzinə çevrilib. Əlbəttə, bu, hər bir azərbaycanlı üçün olduqca
qürurvericidir.
Sual-cavab formatında keçirilən forumda Prezident dünyada və regionda baş verən siyasi proseslərlə
əlaqədar media nümayəndələrini maraqlandıran sualları cavablandırmaqla yanaşı, bir çox mühüm məsələlərdə
ölkəmizin konkret mövqeyini də nümayiş etdirib. Dövlətimizin başçısı, xüsusilə, Ermənistan – Azərbaycan
münasibətlərində normallaşma prosesi ilə əlaqədar olaraq, Ermənistanın atmalı olduğu addımları bir daha
vurğulayıb. Prezident, Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu olmadığını açıq şəkildə bəyan edərək
müharibədən sonra sülhə doğru düşmənin məcburiyyətdən bəzi addımlar atdığını, amma bu addımların yetərli
olmadığını bildirdi. Sülh sazişi imzalanmadığı təqdirdə, bunun nəticələri, şübhəsiz ki, ağır olacaq. Cənubi
Qafqazda inkişaf və tərəqqi üçün şərtləri diktə edən tərəf Azərbaycandır. Sülhə nail olunması hər iki ölkənin
iqtisadiyyatına ciddi töhfə verəcək. Aydın məsələdir ki, hazırda sülhün gətirəcəyi iqtisadi dividentlərə möhtac
olan tərəf Ermənistandır.
Forumda dövlətimizin başçısı Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr və gözləntilər
haqqında da vacib məsələlərə də toxunub. Prezident İlham Əliyev Cənub Qaz dəhlizinin uğurla icra edildiyini və
artıq iki ildir ki, Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrildiyini, eləcə də Avropa
Komissiyasının Prezidentinin Azərbaycanı etibarlı tərəfdaş adlandırdığını bildirib. Həmçinin ölkə başçısı
Transxəzər Qaz Boru Kəməri ilə əlaqədar olaraq, bunun Azərbaycanın təşəbbüsü ilə başlayacaq bir layihə
olmadığını bir daha qeyd edib. Azərbaycan enerji sahəsində beynəlxalq layihələrin təşəbbüskarı və uğurlu
icraçısı kimi dünyada tanınır və qəbul edilir. Bu sahədə Azərbaycan mühüm aktorlardan birnə çevrilmişdir.
Xüsusən də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bütün dünya qəbul edir. Bu baxımdan TAP
və TANAP boru kəmərlərinin genişləndirilməsi ilə bağlı gözləntilər ölkəmizin bu sahədə nə qədər etibarlı
tərəfdaş olduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev Azərbaycanın milli maraqları, prioritetləri ilə bağlı bir çox mühüm məsələlərə
toxundu. Böyük Qayıdışla bağlı dövlətimizin başçısının qeyd etdiyi məqamlar olduqca önəmlidir. Belə ki, ölkə
başçısı 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları
üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirib. Təkcə Qarabağ regionuna
2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Bu rəqəmlər, əlbəttə, hər bir azərbaycanlının
qəlbində sevinc və qürur hissi oyadır. Nəzərə almalıyıq ki, bu qədər genişmiqyaslı quruculuq işini Azərbaycan
təkbaşına heç bir maliyyə yardımı almadan təkbaşına həyata keçirir. Şübhəsiz ki, bütün bunlar dünyada qibtə ilə
qarşılanır. Ona görə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunması və orada həyata keçirilən Böyük
Qayıdış proqramı Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünə güzgü tutur. Azərbaycanın real imkanlarını və
potensialını nümayiş etdirir.
Bu günün reallığı ondan ibarətdir ki, bu gün dünyada baş verən bütün mürəkkəb siyasi proseslərin
fövqündə Azərbaycan dinamik inkişaf nümunəsi ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-
gündən daha da güclənən Azərbaycan bütün siyasi arenalarda haqlı və güclü mövqeyini ortaya qoymaqdan
çəkinmir. Əlbəttə, bütün bunların arxasında güclü siyasi iradə, xarakter mövcuddur.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


01:47 26.07.2023