

Bu günlər Azərbaycan yenə də dünyanın diqqət mərkəzindədir. İyulun 5-6-da ölkəmiz növbəti
beynəlxalq tədbirə ev sahibliyi edib. Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının
Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və
qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Mühüm əhəmiyyət kəsb edən bu tədbirdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.
BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatı olan – Qoşulmama hərəkatına
Azərbaycanın sədrlik etməsi ölkəmizin dünya birliyində qazandığı böyük nüfuzundan xəbər verir.
Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata sədrliyi bir il
uzadıldı. Azərbaycan 4 il sədrlik etməklə bir ilkə imza atdı. 2019-cü ildə dünyada qazandığı siyasi
nüfuza görə Azərbaycan bu təşkilatın sədri seçilməsi və təşkilat tarixində ilk dəfə olaraq sədrlik
müddətinin bir il uzadılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti
təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər tədbirdəki çıxışında qeyd edib ki, Azərbaycan
Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ
və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Dövlət başçısı bildirib ki, beynəlxalq
ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu
çağırışla mübarizədə qlobal səyləri birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
Prezident İlham Əliyev, həmçinin onu da bildirib ki, Qoşulmama Hərəkatının institusional
inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Hərəkatın Parlament Şəbəkəsinin və
Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir: “Biz hazırda
Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional
davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə
Hərəkata sədrliyi dövründə Azərbaycanın prioritetlərindən danışıb. Ehtiyacı olan ölkələrə yardım
göstərilməsinin Azərbaycanın sədrliyinin prioritetlərindən biri olduğunu deyən dövlət başçısı bildirib
ki, Azərbaycan əksəriyyəti QH-yə üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya
Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan
Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Ölkəmiz
həmçinin beş ölkəni peyvəndlə təmin edib. Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə
postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident
İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə
çatdırıb.
Bu gün BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir.
Ölkəmiz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli
olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıdır. BMT TŞ-də Qoşulmama Hərəkatına bir
daimi yerin verilməli olduğunu xatırladan Prezident əlavə edib: “Biz bu fikirdəyik ki, QH-yə, İƏT-ə və
Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında
yer almalıdırlar”.
Tədbirdə həm də Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğu bir daha
bildirilib. Vurğulanıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni
Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların
hüquqlarına hörmət etməlidir. Ölkəmiz neokolonializm meyillərinin artmasından olduqca narahatdır və
bunu dövlətimizin başçısı öz çıxışında qeyd edib. Bildirilib ki, özünü yalandan insan haqlarının və
beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə
qarışır.
Dövlətimizin başçısı qeyd edib ki, “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində
erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm”
müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Prezident İlham Əliyev, eyni zamanda Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə
cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya
ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Beynəlxalq tədbirdə həm də bu gün bir çox dövlətləri narahat edən məsələyə – Danimarkada,
Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması məsələsinə də yer ayrılıb.
Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla
eyniləşdirilməsi cəhdlərindən narahatlıq ifadə edilərək bu hallar məsuliyyətsizlik və qəbulolunmaz hal
kimi qiymətləndirilərək pislənmişdir.
Bir sözlə, bütün göstərilənlər onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsləri qlobal
miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm
nümunədir. Bu da onu göstərir ki, son 20 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər
beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının
qlobal miqyasda nüfuzunun göstəricisidir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru