

İyulun 5-də Bakı Konqres Mərkəzində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə
Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli”
mövzusunda nazirlər görüşü bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzuna
işıq saldı. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə
üç il müddətinə quruma sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü
işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə
nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata
sədrliyimiz daha bir il uzadıldı.
Nəzərə alsaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyanın koronavirus
infeksiyasına qarşı mübarizə tədbirlərinə başladığı dövrə təsadüf edir, bu halda irəli sürdüyü
təşəbbüslərin uğurlu nəticələrindən danışmamaq mümkünsüzdür. Bir mühüm məqamı xüsusi qeyd
etməliyik ki, Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək COVİD-19-un qlobal problem
olduğunu və bunun üçün qlobal mübarizənin aparılmasının vacibliyini vurğuladı. Dövlət başçısı İlham
Əliyevin təşəbbüsü ilə öncə Türk Şurasının, sonra isə Qoşulmama Hərəkatının Zirvə görüşlərinin
keçirilməsi və koronavirusla birgə mübarizənin sonrakı dövrlərdə müsbət nəticələri diqqətdən kənarda
qalmadı. Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq
təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik
etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.
Qoşulmama Hərəkatının institusional inkişafı, xüsusən də 2021-ci və 2022-ci qurumun
Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətləri
sırasındadır: “Dövlət başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər
görüşündə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hazırda qurumun qadınlar platformasının
yaradılması üzərində işlər gedir. İnstitusional davamlılığa doğru atılan bu addımlarla növbəti sədrlərə
mütləq uğurlu bir miras qoyacağıq. Azərbaycan, həmçinin postpandemiya dövrü haqqında düşünməli
oldu. Bu ilin mart ayında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas
Qrupunun Zirvə görüşü keçirildi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin Qoşulmama Hərəkatının
sədri kimi beynəlxalq müstəvidə davamlı, ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm
Hərəkat, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.
Azərbaycan yenidən formalaşan dünya nizamında Qoşulmama Hərəkatının nüfuzunu artırmaq,
söz sahibliyini təmin etmək üçün mühüm addımları və çağırışları ilə diqqətdədir: “Dövlət başçısı İlham
Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı hazırda dünya
mətbuatında geniş şərh olunmaqdadır. Cənab İlham Əliyev öncə dünyada sülhün və təhlükəsizliyin
pozulmasına gətirib çıxaran səbəbləri, həmçinin çıxış yollarını açıqladı. Bu reallıq bir daha vurğulandı
ki, hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də
ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı
reallıqları əks etdirmir. Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan
daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. BMT Təhlükəsizlik
Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam
Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto
hüququ ilə rotasiya əsasında yer almalıdırlar.
Qönçə Cahangirova,
N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəb-liseyin ingilis-alman dili müəllimi