

Azərbaycanın son dövrlər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və
onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm
tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Qoşulmama Hərəkatının daha bir
tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərir. Belə ki,
iyulun 5-6-da Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun
“Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda
nazirlər görüşü keçirilib.
Prezident İlham Əliyev bu tədbirdəki çıxışında Azərbaycanın QH-yə üzv olan 80-dən çox
ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı
maliyyə və humanitar dəstək göstərdiyini bildirib. Azərbaycan hökumətinin bu addımı ölkəmizin
beynəlxalq sahədəki yerinin önəmini göstərir. Ölkə başçısının sözlərinə görə, Azərbaycan humanist
məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına da yardım göstərib və təşkilata 10 milyon ABŞ dolları
dəyərində könüllü maliyyə töhfəsi verib. Bu, həm də Azərbaycanın keçdiyi inkişaf yolunun, əldə etdiyi
iqtisadi nailiyyətlərin göstəricisidir.
Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı
dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk
donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını diqqətə çatdırıb. Qeyd edilməlidir ki,
2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla ev sahibliyi etdiyi tədbirdə Prezident
İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyini,
fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracağını bəyan edib.
Təsadüfü deyil ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun
Bakıda keçirilən nazirlər görüşündə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq
prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə
qoruduğunu bəyan etdi. Tədbirdəki çıxışında 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdüyünü
xatırladan dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə
mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, bu çağırışla mübarizədə qlobal səyləri
birləşdirən məhz Qoşulmama Hərəkatı olub.
Tədbirdə həm də Fransanın neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olduğu bir
daha bildirilib. Vurğulanıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin
Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların
hüquqlarına hörmət etməlidir. Ölkəmiz neokolonializm meyillərinin artmasından olduqca narahatdır və
bunu dövlətimizin başçısı öz çıxışında qeyd edib. Bildirilib ki, özünü yalandan insan haqlarının və
beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə
qarışır. Dövlətimizin başçısı qeyd edib ki, “Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində
erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm”
müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”.
Prezident İlham Əliyev, eyni zamanda Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə
cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya
ölkələrindən və digər ölkələrdən üzr istəməli olduğunu da diqqətə çatdırıb.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru