

İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş
Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin
qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri
göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar
bəhrəsini verdi. Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam
etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi.
Ulu öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq
lazımdır» sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi
möhkəmləndirməklə, ordumuzu ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün
başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi
müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi. Danışıqlar yolu ilə əldə
olunmayan nəticə hərbçilərimizin peşəkarlığı, rəşadəti, şəhidlərimizin canı-qanı bahasına, dövlətimizin
siyasəti hesabına qazanıldı. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masasında qarşıya
qoyulan məqsədinə nail oldu.
Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il noyabrın 9-da Üçtərəfli Bəyanatı imzaladı. Bu
təslimçilik aktı Azərbaycanın gücünü, xalqımızın birliyini göstərdi. Bakıda keçirilən «Dəmir yumruq»
adlı Zəfər paradı, nümayiş etdirilən ən müasir hərbi texnika, nizami ordu göstərdi ki, müharibədə beşinci
nəsil hərbi texnikanın tətbiqi ilə düşmənə ölümcül zərbə vuran Azərbaycanın qarşısında dura biləcək
qüvvə yoxdur. «Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan əsgəri, Azərbaycan giziri,
Azərbaycan zabiti icra edib. Xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu
olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı bu tarixi anı
yaşadığı üçün xoşbəxtdir.
XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin,
peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində
öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın «yenilməz ordu mifi»nin
dağıdılması idi. 30 il ərzində Ermənistanı dəstəkləyənlərin təxribatlarına baxmayaraq Qalib gələn
Azərbaycan hərbçilərinin döyüş ruhu, Qələbə əzmi oldu.
Münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olan Prezident İlham Əliyev dəfələrlə bildirmişdi
ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala tarixdə görünməmiş döyüş təcrübəsi
ilə son qoydu. Qəhrəmanlıq dastanı olan Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Bu
müharibədə xalqımız kimi bütün dünya ictimaiyyəti Milli Ordumuzun gücünü, qüdrətini gördü,
heyrətləndi. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanlar da təəccüblərini gizlədə bilmədilər. İşğal
altına düşmüş birinci şəhərimiz olan Şuşanın sonuncu olaraq azad olunması Qələbə sevincimizin tarixi
Zəfər dastanı oldu.
Qələbənin səbəbkarı isə 44 gündə birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı
yerinə yetirən Azərbaycan xalqı, Milli Ordumuzun hər bir əsgəri, zabitidir. Azərbaycanın hərbi,
diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük sevinc payı sülh və sabitlik əsasında gələcəyi
qurmaq uğrunda cəsarətli addımlar atan xalqımıza məxsusdur. Qələbəmiz üçün torpaqlarımızın
bütövlüyü naminə qurban gedən Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü
təmin olundu. Müharibə başa çatandan sonra və bu günlərdə Prezident İlham Əliyevin sərəncamları ilə
Milli Qəhrəman adına layiq görülənlər, orden medallarla təltif olunanlar bu mükafatlara layiqdirlər.
Müharibədə yaralananlara yüksək səviyyədə dövlət qayğısı göstərilir. Müharibə zamanı daim yanımızda
olan Türkiyə qazilərimizin müalicəsində də qardaş yardımını əsirgəmir.
Silahlı Qüvvələrin yaranması günü münasibətilə hərbi mundir daşıyan bütün hərbçilərimizi təbrik
edir, onlara uğurlara aparan yollarda Qələbələr arzulayırıq.
Nurağa Rüstəmov,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
böyük məsləhətçisi, Vətən Müharibəsi veteranı