isaznow.com
Az Iw En Ru

105 yaşlı Milli Ordumuz

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun
mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində, ölkəmizin müstəqillik tarixidir. Bu
tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti
dövrünə təsadüf edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.
SSRİ dövründə Ümummilli Liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində azərbaycanlı hərbi
kadrların yetişməsi mümkün olmuşdur. Belə ki, Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına
Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan
hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə,
azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra
C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər
Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik
məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün
oldu. Beləliklə, Ulu Öndərin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə
mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin
yaratmışdır.
Azərbaycan Respublikası 32 il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə
müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən
və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal
etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı
Qüvvələri yarada bilmədilər.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin il oktyabrın 9-da
Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul
edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.
Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması,
cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat
fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv
olmaq təhlükəsi qarşısında qoydu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının
20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv
etmişdi.
Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı
dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr
dövlətin tam nəzarətinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının
köməyindən və silah-sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum
əməliyyatlarına başladı. Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə
razılıq verməli oldu. Məhz bundan sonra ciddi ordu quruculuğu işi aparıldı. “Hər bir müstəqil dövlətin ordusu
dövlətin əsas atributlarından biridir” deyən Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına
əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı
Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyev
hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın
yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr
üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər
Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir. – Azərbaycan Ordusunun
yüksək hazırlıqlı zabit, gizir-miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və mülki heyətlə
keyfiyyətli komplektləşdirilməsi istiqamətində vacib işlər aparılır. “Ordu quruculuğu bizim üçün prioritet
məsələdir” deyən Prezident İlham Əliyev bu istiqamətlərdə işləri davam etdirir. Həmçinin ölkəmizdə hərbi
sənaye sahələrinin formalaşdırılması və hərbi sursatların istehsalı gücləndirilib. Azərbaycan son illər müdafiə
sənayesi sahəsində Türkiyə, Pakistan və İsraillə hərbi əməkdaşlığı daha da möhkəmləndirib. Vətən
müharibəsində dünya Azərbaycan ordusunun gücünə şahid oldu. Azərbaycanın bugünkü ordusu, Silahlı
Qüvvələri hər zaman torpaqlarımızı etibarlı müdafiə etməyə qadirdir.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri


21:51 25.06.2023