isaznow.com
Az Iw En Ru

Azərbaycan Ordusu Vətən müharibəsi ilə dünya hərb tarixinin yeni və şanlı salnaməsini yazdı

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan
uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim
qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Tarixin
gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas
ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə
ümidimiz öz gücümüzdür-Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür.
Bu gün Silahlı Qüvvələr Gününü məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının
sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı,
qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun – Silahlı Qüvvələr Günündə ordumuzun
keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın
ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq,
Böyük Qayıdışa yol açıb.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu
quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın
deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu Öndər
Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin
yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha
da yüksəlməsinə böyük stimul oldu.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin
həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət
nəticəsini göstərdi. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını
hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan
Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan
intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni
səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin,
Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması
ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham
Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və
zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Qeyd edək ki, hələ ulu öndər
Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi
liseyin əsası yaradılmışdır. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli Lider ordumuzun
gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab etmişdir.
Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb
tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və
hərbi dəniz qüvvələrinin məzunlarıdırlar. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və
şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə
sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi
şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi
adlandırılır. İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə
qarşı törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda
olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi.
Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural
dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni
şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir» söyləyən və bu tarixin müəllifi olan Prezident, Ali Baş Komandan İlham
Əliyevin vurğuladığı kimi, müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı
zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi veteranı


20:50 25.06.2023