

Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin
əbədiliyinə hərtərəfli zəmin yaratmasına məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə oldu.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq
məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin
müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən – müstəqil
Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə
qiymətli qərarlar qəbul etmişdir.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də
Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçilib.
Məhz Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici
səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti
Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra
beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.
Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş
yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi
diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün
zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində
əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər
edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı.
Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək
tərəqqi etmiş bir ölkəyə çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə
gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün,
yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi:
“Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün
Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır bunların hamısını bir gündə, bir
ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır.
Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan
dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.
Ülviyyə Ağayeva,
4 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri