

1993-cü il may-iyun aylarında yeni dönəmə qədəm qoyan Azərbaycana dövlətçiliyi qoruyub
saxlamaq üçün təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi. Həmin çətin dönəmlərdə
isə xalqımız haqlı olaraq müdrik insana müraciət etdi. Heydər Əliyev xalqın müraciətini əsas tutaraq
1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir
dövrü başlandı.
Lakin ondan əvvəlki dövr ərzində ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz
təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa
macal tapmamış bir ölkəyə rəhbərlik etmək sözün həqiqi mənasında, böyük məsuliyyət və istedad tələb
edirdi. Məhz buna arxalanan xalqımız müdrik lider Heydər Əliyevin belə bir məsuliyyətin öhdəsindən
gələcəyinə inanırdı. Elə ilk günlərdən də xalqa arxalanmağı,eyni zamanda xalqın da Ulu Öndərə
arxalanmağı, dəstək olmağı onu daha da güclü etdi.
Sirr deyil ki, 24 iyun 1993-cü ildə parlamentin prezident səlahiyyətlərini Heydər Əliyevə vermək
haqqında qərar qəbul etməsi tam yeni stuasiya yaratdı. Belə ki, ölkədə hakimiyyətin fərqli qolları
arasındakı mövcud uçurum aradan qalxdı, Heydər Əliyevin ölkədəki çətin vəziyyətə tam nəzarət etmək
imkanları genişləndi. Böyük lider bu imkanlardan məharətlə istifadə etdi, qarışıq siyasi prosesləri
ictimaiyyətdən gizlətmədi. Heydər Əliyev bütün fəaliyyətində aşkarlıq prinsiplərini əsas götürdü.
Bundan sonra dövlət aparatında olan səriştəsiz kadrlar idarəetmədən uzaqlaşdırıldı. Onların yerinə
vətənini sevən, siyasi bilik və təcrübələrə malik insanlar idarəetməyə cəlb edildi.
Bütün bunlar müstəqillik tariximizin ilk köklü islahatları idi və qısa müddətdə də öz nəticəsini
göstərdi. Ölkədəki kriminagen vəziyyət aradan qaldırıldı, xaos və anarxiyaya son qoyuldu. Eyni
zamanda Azərbaycanda ordu quruculuğu və hərbi idarəetmə sistemləşdirildi, vahid mərkəzə tabe edildi.
Ümummilli Lider Heydər Əliyevin iradəsi ilə atəşkəs müqaviləsinin imzalanması ölkədə sabitliyi total
şəkildə bərpa etdi. Sabitliyin olduğu bir şərait isə iqtisadi inkişaf üçün zəmin oldu. Məhz bundan sonra
iqtisadi göstəricilərimiz də artmağa başladı. Bu da Azərbaycanda əhalinin rifahının artmasına, insanların
həyat şəraitinin yaxşılaşmasına gətirib çıxardı.
Bütün bunları dərindən dərk edən, obyektiv qiymətləndirə bilən hər bir azərbaycanlı Ümummilli
Liderin ölkədə faktiki rəhbər olmasını arzulayırdı və bu səbəbdən də sonradan keçirilmiş ilk ədalətli
prezident seçkilərində Heydər Əliyevə səs verdi. Beləliklə də, xalqın iradəsi öz rəhbərinin iradəsi ilə
birləşdi. Bu da heç şübhəsiz ki, Azərbaycanın tam olaraq xilası və həqiqi müstəqillik tariximizin
başlanğıcı idi.
Səbinə İsmayılova,
Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri