

29 il əvvəl – 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin
itirilməsi təhlükəsi yaranmışdı. Anarxiya və hakimiyyətsizlik hökm sürürdü. Dağınıq silahlı
birləşmələrdən ibarət “ordu”, həmin dəstələrin komandirlərinin rəqabəti, intizamsızlığı və yalnız öz
maraqlarını güdməsi nətiəsində cəbhədə düşmənin istilasına rəvac verilən dövr yaşanırdı. Ölkə məhv
olmaq təhlükəsi ilə üzləşmişdi. Şimalda və cənubda separatçılar müxtəlif planlar qurmuşdular. Cəbhədə
isə düşmən fəallaşmışdı. O, Bakıdakı hakimiyyətin bivecliyini, zəifliyini, passivliyini görmüşdü. Belə
bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o
dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldular. 1993-cü ilin 15 iyun tarixində Heydər
Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq
qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Xalqa ölkədə yaranan vəziyyətlə bağlı düzgün və ətraflı
məlumat verilməyə başlandı. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli
müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. İctimai-siyasi həyatdakı gərginliyin aradan
qaldırılması üçün lazımı tədbirlər görülməyə başlandı.
Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın xilaskarı kimi Bakıya gələrək Ali Sovetin sədri
seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim
prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu,
nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və
ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin
icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.
Nəhayət ki, Azərbaycan xalqının arzu və istəyi reallaşdı, ədalətin və milli iradənin təntənəsi baş
verdi. İyunun 24-də keçirilən və Azərbaycan Televiziyası ilə canlı yayımlanan Parlamentin iclasında
Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə
qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə
tabe edilməsi demək idi.
Heydər Əliyev Ali Sovetin sədri vəzifəsində cəmi 4 ay çalışdı və bu qısa müddətdə
parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq
tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri
ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm
məktəbi idi.
1993-cü ilin avqustun 29-da öz postundan könüllü imtina edərək Kələki kəndinə qaçan prezident
Əbülfəz Elçibəyə etmad məsələsi ilə bağlı referendum keçirildi. Referendum respublikanın bütün
bölgələrində tam demokratik şəkildə, vətəndaşların xüsusi fəallığı, vətəndaşlıq şüurunun nümayiş
etdirilməsi şəraitində, olduqca yüksək səviyyədə keçdi. Bununla da referendum Azərbaycan
Respublikasında yaşayan bütün vətəndaşların yekdilliyini, demokratiyaya sadiq olduqlarını bir daha
təsdiq edərək Heydər Əliyevə olan inamı bir daha nümayiş etdirdi.
Xalqımız müstəqilliyin ilk illərində qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq
missiyasını yalnız və yalnız Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli
Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi
olaraq yaşayacaqdır.
Fuad Əliyev,
Sabirabad rayon sakini, gənc sahibkar