isaznow.com
Az Iw En Ru

Ordu quruculuğu prosesi ölkəmizdə dövlət siyasətinin əsas prioritetidir

Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin payızında başlayan Vətən müharibəsində öz gücünü
və qüdrətini bütün dünyaya nümayiş etdirmişdi. İkinci Qarabağ savaşından sonra bir daha təsdiq
olundu ki, Şanlı Ordumuz müasir hərbi-texniki bazaya və cəsur döyüşçülərə sahibdir. Ümummilli lider
Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi Prezident, Azərbaycan Silahlı
Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısı hər
zaman ordunun gücləndirilməsinin dövlət siyasətinin əsas prioritet sahəsi olduğunu da bildirib. Bu
sahəyə qarşı diqqət və qayğının yüksək səviyyədə olması Silahlı Qüvvələrimizi dünyanın ən güclü 50
ordusu sırasına daxil edib. Bu gün Azərbaycanı qüdrətli ölkəyə çevirən əsas amil iqtisadi yüksəlişə və
güclü orduya malik olmasıdır. Böyük sevinc hissilə söyləyə bilərik ki, ölkəmiz müstəqil iqtisadiyyata
və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib.
Heç şübhəsiz ki, Azərbaycan Ordusu regionun ən güclü ordusudur.
Vətən müharibəsində aparılan döyüşlər ordumuzun təcrübəsinin artmasına səbəb oldu.
Müharibənin başa çatmasından dərhal sonra Silahlı Qüvvələrin daha da güclənməsi Ali Baş Komandan
tərəfindən qarşıya qoyulan əsas məqsədlərdən biri idi. Bu istiqamətdə idarəetmənin təkmilləşdirilməsi,
müasir texniki vasitələrlə qoşunlardan məlumatların sürətli əldə olunaraq analiz edilməsi, yaranmış
vəziyyətin qiymətləndirilərək daha çevik qərar qəbul edilməsi və fasiləsiz idarə olunmasına şərait
yaradılması məqsədilə struktur islahatları aparıldı. Təbii ki, bu sahədə böyük təcrübə və bacarığı ilə
dünyada tanınan Türkiyə dövlətinin yardımına və əməkdaşlığına böyük ehtiyac duyulurdu. NATO-nun
ikinci ən güclü ordusu olan Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunda kiçik modelinin
yaradılması istiqamətində gedən işlər Silahlı Qüvvələrimizin döyüş qabilliyətinin artmasına böyük
təkan verib.
İkinci Qarabağ müharibəsi ərəfəsində əldə olunmuş təcrübə çevik və sürətli manevrə malik,
yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni
birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də Prezident İlham Əliyev Quru
Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrinin yaradılması barəsində göstəriş vermişdi.
Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunların tabeçiliyində olan Komandolar fiziki və nəzəri
hazırlıqları nəticəsində əldə etdikləri qabiliyyətləri sayəsində, qısa bir müddət ərzində hədəfin detalları
ilə birlikdə kəşfiyyatını həyata keçirərək vəziyyəti qiymətləndirib hədəfi məhv edən, təchizat ilə təmin
edilməsə belə, vəzifəni başa çatdırmağı bacaran əsgərlərdir. Azərbaycanda komando hərbi hissələrinin
yaradılmasına 2021-ci ilin sonlarında başlanılmışdı. 2021-ci il dekabrın 24-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Xocavənd
rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində komando hərbi hissəsinin açılışında iştirak etmişdi. 6
ay sonra Silahlı Qüvvələr Gününü Kəlbəcərdə qeyd edən dövlət başçısı yeni yaradılmış komando
qüvvələrinin hərbi hissəsinin açılışını etdi.
İyunun 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin
komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim
edib. Dövlətimizin başçısı şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı
atış şəhərciyinə baxıb və komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor
və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə yaxından
maraqlanıb. Prezident, Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim
edilməsi mərasiminə hazırlıq barədə məruzə olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və
ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Prezident İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib və
komando andiçmə mərasimi keçirilib. Ölkə başçısı tədbirdə bildirib ki, biz bu gün Silahlı
Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz
yeni, daha yüksək səviyyəyə qalxacaq.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər evinin direktoru


15:44 26.06.2023